AZ

"Repetitorluğun qarşısının alınmasına baxmalıyıq" - Deputatdan TƏKLİF

Məlum olduğu kimi, Elm və Təhsil Nazirliyinin açıqlamasına görə, 2027-ci ildən etibarən orta məktəblərdə müəllimlərə 8 saatlıq iş rejimi tətbiq oluna bilər.

Bəs dərsini başa vurduqdan sonra müəllim məktəbdə qalan boş vaxtında repetitorluqla məşğul ola bilərmi?

Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, belə bir addım düzgün olmaz.

Onun sözlərinə görə, repetitorluğun Azərbaycanda qarşısının alınmasına ehtiyac var.

"Burada məqsəd müəllimin daha çox tədris prosesinə vaxt ayırması və tədris prosesi ilə məşğul olmasından gedir. Yəni uşaq hazırlamaqdan yox, müəllim dərsini deyəcək, uşaqlarla ünsiyyətdə olacaq, onlara müəyyən tövsiyələrini verəcək, onlara müəyyən istiqamətləndirmə verəcək. Ona görə müəllimin o işlərlə məşğul olmağa vaxtı yoxdur. Biz eyni zamanda nəzərə almalıyıq ki, repetitorluğun inkişafına yox, repetitorluğun qarşısının alınmasına baxmalıyıq. Müəllim daha çox uşaqların inkişafı, onların bilik və bacarıqlarının artması, onların yönləndirilməsi ilə məşğul olmalıdır. Mən düşünürəm ki, biz ümumilikdə məktəblərdə repetitorluğun qarşısını almalıyıq. Yəni onun inkişafı üçün addımlar atmalı deyilik. Biz fərqli kontekstdə, fərqli müstəvidə bu addımları atmalı və tədbirlərimizi həyata keçirməliyik. Yəni kontekst yanaşma belə olmalıdır. Yenidən əgər müəllim məktəbdə gəlib repetitorluqla məşğul olacaqsa, bu, özü ciddi sual yarada biləcək bir məsələdir və buna imkan vermək olmaz", - deyə millət vəkili vurğuladı.

Aytəkin TOFİQQIZI

Seçilən
14
1
redaktor.az

2Mənbələr