AZ

Çağırışçıların xərcini kim ödəyir? RƏSMİ

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hərbi çağırış dövründə valideynləri düşündürən əsas məsələlərdən biri də övladlarının həkim müayinəsindən keçməsidir. 

Belə ki, hərbi xidmətə çağırış yaşı çatmış şəxslərə həmin ərəfədə tibbi müayinədən keçmək üçün bildiriş gəlir. Bəzən isə rayonlarda yaşayan gənclərə müvafiq müayinələrdən keçmək üçün Bakıya göndəriş verilir. 

Bu zaman onlar öz vəsaitləri hesabına Bakıya gəlməli və müayinədən keçməli olurlar. Ümumiyyətlə, hərbi xidmətə çağırılmış gənclərin müayinə üçün yol xərcləri dövlət tərəfindən qarşılanmalıdır, yoxsa şəxsi hesabdan ödənilməlidir?

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 aprel 2025-ci il tarixli 134 nömrəli Qərarına əsasən “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə MRT (Maqnit Rezonans Tomoqrafiya) və KT (Kompüter Tomoqrafiyası) müayinələri üçün ödəmə qaydası müəyyən edilib: 

“İcbari tibbi sığorta hesabına həyata keçirilən bu müayinələr zamanı vətəndaşlar ixtisaslı həkimin göndərişi əsasında ambulator şəraitdə göstərilən bu tibbi xidmətlər üzrə “Xidmətlər Zərfindəki” tarifin 20 faizi həcmində müştərək maliyyələşmə məbləği ödəyirlər.

Hazırda həmin ödənişin ləğv edilməsi məsələsinə tərəfimizdən qaldırılmış vəsatət əsasında aidiyyəti üzrə baxılır. Göndəriş əsasında tibbi müayinələrdən keçmək üçün yol xərclərinin Dövlət Xidməti tərəfindən qarşılanması isə mövcud qanunvericilikdə nəzərdə tutulmayıb". 

Qeyd edək ki, “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə edilən dəyişikliyə əsasən MRT (Maqnit Rezonans Tomoqrafiya) və KT (Kompüter Tomoqrafiyası) müayinələri üçün Xidmətlər Zərfindəki tarifin 20 faizi həcmində müştərək maliyyələşmə məbləği ödəyirlər. Tibbi xidmətin tarifi üzrə qalan məbləğ isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən qarşılanacaq. 

Ambulator tibbi xidmətlər üzrə MRT və KT müayinələrinin tarifləri nahiyədən asılı olaraq 50-120 manat arası dəyişir. 50 manat olan xidmətlərdə müştərək maliyyələşmə məbləği 10 manat, 120 manat olanlarda isə 24 manat təşkil edir. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

 

Açar sözlər:

Çağırışçılar Pərviz Sədrəddinov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr