Bakı,1 dekabr, AZƏRTAC
Uşaqlar və yeniyetmələr cəmiyyətin ən həssas təbəqələrini təşkil edirlər. Son illərdə insanların kompüterlərdən, internetdən geniş istifadə etməsi əsasən xeyirxah məqsədlərə xidmət etsə də, təəssüf ki, bu sahədə müəyyən problemlər də ortaya çıxır. Nəinki uşaqlar, həm də böyüklər ziyanlı məlumatların təsirinə məruz qalır, onlarda internet asılılığı yaranır. Nəticədə şəxsiyyətin deqradasiyası, ailələrin dağılması kimi ciddi sosial-psixoloji problemlər müşahidə olunur.
Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev məlumat verib.
Akademik qeyd edib ki, uşaqların yaşına və psixologiyasına uyğun olmayan kontentlərə çıxış əldə etməsi, eləcə də zərərli biliklər qazanması, bu bilikləri cəmiyyətdə tətbiq etməsi ciddi problemlər yaradır. Digər tərəfdən, uzun müddət internetdən istifadə və kompüter qarşısında vaxt keçirmək onların fiziki inkişafına, səhhətinə mənfi təsir göstərir. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı internet asılılığını bir xəstəlik növü kimi rəsmən tanıyıb. Bu, cəmiyyət üçün ciddi siqnaldır və hər bir ailə, məktəb və bütövlükdə cəmiyyət bu məsələyə xüsusi həssaslıqla yanaşmalıdır.
“Onlayn mühitdə uşaqların müdafiəsi yalnız dövlətin səyləri ilə deyil, biznes sektoru, internet xidmətləri provayderləri, təhsil müəssisələri və valideynlərin birgə fəaliyyəti əsasında təmin edilməlidir. Bu sahədə beynəlxalq təcrübənin nəzərə alınması da olduqca vacibdir. Belə ki, ayrı-ayrı ölkələrdə uşaqların təhlükəsizliyini təcili təmin etmək üçün müxtəlif institusional tədbirlər həyata keçirilir, internetə çıxışı təcili bloklama kimi texnologiyalar tətbiq olunur. Azərbaycanda da bu kimi təcrübələrin tətbiqi ilə uşaqların internet təhlükələrindən qorunması üçün müasir və effektiv mexanizmlərin işlənilməsi məqsədəuyğun olardı”, -deyə alim bildirib.
R.Əliquliyev bildirib ki, İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyətinin prioritetlərindən biri də uşaqların internetdə təhlükəsizliyinin qorunması məsələsidir. İnstitutda uzun illər ərzində aparılan tədqiqatların nəticəsi kimi uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün dərin təlim texnologiyalarının tətbiqi ilə müasir metodlar işlənilib, beynəlxalq təcrübəyə əsaslanan konseptual baxışlar, ideyalar irəli sürülüb. Göründüyü kimi, bu istiqamətdə görüləsi işlər çoxdur, maraqlı qurumların bununla əlaqəli fəaliyyətinin əlaqələndirilməsinə zərurət vardır.