AZ

Basqal pekinli turistin gözü ilə: Bizim üçün bu yer özünəməxsusdur

Bərpa edilən bazar meydanı və kəlağayı emalatxanaları Basqala yeni nəfəs gətirib

İsmayıllı, 1 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC

İsmayıllı rayonunun qədim yaşayış məskənlərindən olan Basqal qəsəbəsi həm yerli, həm də xarici turistlərin ən çox üz tutduğu məkanlardandır. Son illər qəsəbədə aparılan genişmiqyaslı abadlıq və yenidənqurma işləri, müasir otellərin inşası, kənd turizminin inkişafı, yol və kommunikasiya infrastrukturunun yenilənməsi bu tarixi məkanın turizm potensialını daha da artırıb. Bütün bunlar Basqala gələn qonaqlara həm rahat istirahət imkanı yaradır, həm də onların buradan xoş təəssüratlarla ayrılmasını təmin edir.

Daşla döşənmiş, tarixi xüsusiyyətlərini bu günə qədər qoruyub saxlayan Basqal küçələrində demək olar ki, hər gün yerli və xarici qonaqlara rast gəlinir. Basqalın cəlbedici olması istiqamətində görülən işlər artıq öz bəhrəsini verir. İnfrastrukturun yaxşılaşdırılması, tarixi mühitin qorunması, küçə və ictimai məkanların bərpası qəsəbəyə marağı artıran əsas amillərdəndir.

Basqal qədimdən şəhər tipli qəsəbə olub

Basqal sakini Həsən Abdullayev AZƏRTAC-a qəsəbənin tarixindən danışarkən deyib: “Basqal əslində kənd yox, qədimdən şəhər tipli qəsəbə olub. İndi xüsusilə qəsəbəmiz gözəlləşəndən sonra turistlərin sayı daha da artıb. Səbəb də məhz qədimlikdir. Bax, arxada gördüyünüz hamam, pir çinar dediyimiz ağac, yanında məscid – onların hər birinin təxminən 600 illik tarixi var. Həm məscid, həm çinar, həm də o hamam bizim qədimliyimizin göstəricisidir”.

Qonaqlar arasında ilk dəfə Basqala gələnlər də var. Yerli turist İlkin Həsənli təəssüratlarını belə bölüşür: “İsmayıllıya çox gəlsəm də, Basqala ilk dəfədir gəlirəm. Burada yaradılan şərait, yenidənqurma işləri və tarixi irsin qorunması göz oxşayır. Ümid edirəm ki, Azərbaycanın digər bölgələrində də restavrasiyaya ehtiyacı olan məkanlarda bu cür bərpa və quruculuq işləri həyata keçiriləcək”.

Turistlərin əsas dayanacağı - Bazar meydanı və qədim hamam

Xarici turistlərin diqqətini ən çox çəkən məkanlardan biri isə qəsəbənin bazar meydanıdır. Burada aparılan bərpa işləri zamanı qədim memarlıq üslubu qorunub saxlanılıb və müasir infrastrukturla uzlaşdırılıb. Bir vaxtlar yerli əhalinin istifadə etdiyi qədim hamam isə bu gün muzey kimi fəaliyyət göstərir və bütün əşyaları ilə birlikdə qonaqlara təqdim olunur.

Muzey-hamamda burada qorunan tarixi irsin nə qədər incəliklə saxlandığını nümayiş etdirir.

Basqalın simvolu – kəlağayı

Qəsəbədə əcnəbi turistlərin böyük marağına səbəb olan əsas dəyərlərdən biri də Basqalın məşhur kəlağayısıdır. Sənətkarların emalatxanalarında kəlağayıların hazırlanma prosesi – parçanın emalı, rənglənməsi və naxışlanması qonaqlara nümayiş etdirilir. Turistlər həm prosesi izləyə, həm də müxtəlif çeşiddə kəlağayı və digər suvenirləri əldə edə bilirlər.

Pekindən gələn turist Hao Sanshuang Basqal haqqında bunları deyir: “Basqal çinli turistlər üçün çox özünəməxsus bir yerdir. Daş memarlığı gözəldir, insanlar isə son dərəcə mehribandır. Bizə salam verib gülümsəyirlər, qonaqları səmimiyyətlə qarşılayırlar. Buraya məhz bu fərqli ab-havanı görmək və araşdırmaq üçün gəlmişəm”.

Turistlərin üz tutduğu bölgələrdə – xüsusən də Lahıc və Basqalda – minilliklərdən bəri yaşadılan sənətkarlıq nümunələri fonunda yerli dükanlarda başqa ölkələrdən gətirilmiş ucuz suvenirlərin çoxluğuna rast gəlinməsi təəssüf doğurur. Mütəxəssislər bu vəziyyətin aradan qaldırılması üçün tədbirlər görüldüyünü bildirirlər.

Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli qeyd edir: “Dünyada belə bir tendensiya var ki, daha ucuz başa gələn, xaricdən gətirilmiş məhsullar çox zaman dominantlıq təşkil edir. Onların qiyməti daha aşağı olduğundan turistlər tərəfindən daha tez alınır. Lakin biz Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlarda yerli sənətkarlıq məhsullarının satışının artırılmasında maraqlıyıq və bunun təşviqi üçün fəaliyyət göstəririk”.

Onun sözlərinə görə, sənətkarlarla birlikdə daha kiçik ölçülü, daşınması rahat və nisbətən ucuz sənətkarlıq məhsullarının hazırlanması istiqamətində iş aparılır ki, bu da həm satış imkanlarını artırır, həm də turistlər üçün əlçatanlığı təmin edir.

Basqalı daha cəlbedici edən əsas amillərdən biri təkcə qonaqları qəbul etmək yox, həm də bu məmnuniyyətin davamlılığını qorumaqdır. Qəsəbəyə üz tutan turistlərin buradan razı getməsi, onların yenidən qayıtması üçün şəraitin qorunması, eyni zamanda sakinlərin burada daimi yaşamasına dəstək verilməsi vacib məsələlərdəndir. Ustalara, sənətkarlara müəyyən güzəştlərin tətbiqi də bu istiqamətdə nəzərdə tutulan addımlar sırasındadır.

Xatırladaq ki, “Basqal” və “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruqları ilin bütün fəsillərində həm yerli, həm də xarici turistlərin ən çox üz tutduqları məkanlardan hesab olunur. Hər il dünyanın müxtəlif ölkələrindən minlərlə turist bu əraziləri ziyarət edir.

 

Seçilən
23
azertag.az

1Mənbələr