AZ

Paşinyan Rusiyanın “katolikos kartını” ABŞ-ın əli ilə vurur...


Elşad Həsənov: “II Qaregin ictimai dəstəyi əhəmiyyətli dərəcədə itirib”

Ermənistanın baş naziri Nikol Paşinyanın Katolikos vəzifəsinə iki əsas namizədi var. Bunlardan biri Erməni Apostol Kilsəsinin ABŞ-dəki Qərb yeparxiyasının sədri Hovnan Derderyan, digəri isə Kilikiya katolikosu I Aramdır.

Bu əsnada bir qrup erməni yepiskopu yenidən bəyanat yayaraq, katolikos II Qaregini istefaya getməyə çağırıb. Bəyanatda deyilir ki, din xadimlərinin daxili siyasətə qarışması, insanları mitinqlərə çağırması yolverilməz və bağışlanmazdır.

Görünən odur ki, Paşinyan Ermənistanın daxili işlərinə Rusiyadan din vasitəsi ilə müdaxilə imkanlarını da kəsir. Çünki hamıya məlumdur ki, katolikos II Qaregin Moskvadan idarə olunurdu və oradan gələn təlimatlara əsasən işləyirdi. Moskva II Qaregin vasitəsi ilə Ermənistanın daxili işinə müdaxilə edirdi. Buna görə Paşinyan yeni din xadimini ABŞ-dan gətirməklə din vasitəsi ilə Rusiyanın Ermənistanın daxili işlərinə müdaxiləsini aradan qaldırmaq istəyir. Bu nöqteyi-nəzərdən Paşinyanın belə gedişi Rusiyanın Ermənistana din vasitəsi ilə təsirlərini zəiflətmək baxımından hansı effekti verə bilər?

“Rusiyanın təsirini azaltmaq üçün yeni din xadimini ABŞ-dan gətirməklə mövqelərini möhkəmləndirmək istəyir”

Sözügedən məsələni “Bak-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, Paşinyan hakimiyyətə gələndən bəri katolikos II Qareginlə münasibətləri soyuqdur: “Çünki Paşinyan hakimiyyətə gələndən sonra katolikos II Qaregin ona təsir etməyə çalışdı. Ancaq Paşinyan onun təsiri altına düşmədi və kilsə ilə məsafə saxladı. Necə deyərlər, kilsənin siyasətini yerinə yetirmədi və ona qarşı kampaniyaya başladı. Paşinyana qədər kilsənin dövlət hakimiyyətinə təsiri böyük olub. Əvvəlki prezidentlər hər zaman II Qareginlə məsləhətləşib və onun mövqeyini nəzərə alıblar. Bir sıra hallarda II Qareginin istəklərini qəbul ediblər, o da əvvəlki hakimiyyətlərə dəstək olub. Ancaq Paşinyan hakimiyyətə gələndən sonra islahatlar adı altında kilsənin təsir imkanlarını məhdudlaşdırmağa başladı. Bu da kilsənin ciddi müqavimətinə səbəb oldu. Ancaq ölkə ictimaiyyəti biləndə ki, kilsə Moskvanın təlimatları ilə hərəkət edir, II Qaregin ictimai dəstəyi əhəmiyyətli dərəcədə itirdi. Kilsə qanunlarına görə, din xadimi evlənə bilməz. Ancaq məlum oldu ki, II Qareginin qeyri-rəsmi övladı var. Məlum oldu ki, kilsə hesabına köçürülən vəsaitlər təyinatı üzrə xərclənmir və ortada böyük korrupsiya əməlləri var. Hətta din xadimlərindən biri olan Arşak Xaçaturyanın intim videolarından birinin yayılması, bütün bunlar II Qareginin dəyişdirilməsi üçün zəmin formalaşdırır. Paşinyan əmindir ki, II Qareginin istefasına nail olacaq. Təsadüfü deyil ki, 10 erməni yepiskopu bəyanat yayaraq, katolikos II Qaregini istefaya getməyə çağırıb. Buna cavab olaraq Rusiyanın din xadimləri bəyanatla çıxış edərək II Qaregini müdafiə ediblər. Görünən odur ki, proses başlayıb. Paşinyan Rusiyanın təsirini azaltmaq üçün yeni din xadimini ABŞ-dan gətirməklə mövqelərini möhkəmləndirmək istəyir. Bu, həm də onu göstərir ki, Paşinyan Rusiyadan bütünlükdə xilas olmaq istəyir. Qərbdən din xadimi gətirib Eçmiədzin kilsəsinin başına qoymaq istəyir”.

Vidadi ORDAHALLI

Seçilən
25
27
baki-xeber.com

10Mənbələr