AZ

Moskvada 9 ölkənin vətəndaşlarına qarşı "Amina" proqramı - siyahıda Azərbaycan da var...


Rusiyada miqrantlar üçün “Amina” tətbiqinin "amin" sözü ilə əlaqəsi varmı?

2025-ci ilin 1 sentyabrından Moskva və Moskva vilayətində işləyən xarici vətəndaşlar üçün “Amina” ("Əminə") adlı mobil tətbiq istifadəyə verilib.

"Amina"nin məcburi quraşdırılması Moskvaya və Moskva vilayətinə işləmək üçün gələn Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan və Ukrayna vətəndaşlarına şamil edilir. Məqsəd miqrantların yaşayış və iş məlumatlarını, həmçinin gömrük və məskunlaşma qeydiyyatını elektron şəkildə idarə etməkdir.

Tətbiqi istifadə etmək miqrantlar üçün məcburidir. Onlar mobil telefonlarına tətbiqi quraşdırmalı, geolokasiya funksiyasını aktiv saxlamalı və push-bildirişləri qəbul etməlidirlər. Bu tələblərə əməl olunmazsa, şəxslər “kontrol altında olan şəxslər” siyahısına daxil edilə və qeydiyyatdan çıxarılaraq, hətta deportasiya risqi ilə üzləşə bilərlər.

"Amina" tətbiqi elektron idarəetmə baxımından Rusiya dövlətinin miqrantlarla bağlı işini daha şəffaf və səmərəli etməyə xidmət göstərir. Bu cür rəqəmsal sistemlər, elə Azərbaycanda da görməyə alışdığımız ASAN xidmət və ya DOST mərkəzləri kimi, vətəndaşların həyatını asanlaşdırmaq və məlumatların mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin etmək məqsədi daşıyır. Fərq ondadır ki, “Amina” daha çox migrasiya nəzarəti və qanunvericilik çərçivəsində tətbiq olunur, ASAN və DOST isə vətəndaşlara xidmət göstərən mərkəzlərdir.

Tətbiqin miqrantlara təsiri müxtəlif sahələrdə özünü göstərir. Bir tərəfdən o, sənədləşmə və qeydiyyat prosesini sadələşdirir. Miqrantlar artıq uzun növbələrdə vaxt itirmir, bütün məlumatları elektron qaydada göndərə bilir. Bu, həm miqrant, həm də dövlət üçün vaxt və resurs qənaəti yaradır. Eyni zamanda, tətbiqin geolokasiya funksiyası vasitəsilə miqrantların həqiqi ünvanı və mövcud olduğu yer izlənilir. Bu, dövlət orqanlarının işini asanlaşdırır, lakin miqrantlarda daimi izlənmə hissi yaradır və şəxsi azadlığın məhdudlaşması kimi psixoloji narahatlıqlara səbəb ola bilər.

Tətbiqdən düzgün istifadə edilmədiyi hallarda, məsələn, telefon söndükdə, şarjı bitdikdə və ya internet olmadıqda, geolokasiya məlumatları göndərilməyəcək və miqrant “qaydanı pozmuş” kimi qeydə alınacaq. Bu da hüquqi və sosial nəticələrə, o cümlədən cərimələrə və hətta deportasiya risqinə yol aça bilər. Bu baxımdan, tətbiq işəgötürənlər üçün də miqrantların vəziyyətini izləməyə imkan verir ki, bəzi hallarda işçilər üzərində əlavə təzyiq yarana bilər.

Ad seçimi baxımından “Amina” dini mənaya görə seçilməyib. Rəsmi açıqlamalara görə, bu ad sadəcə qısa, tanış və asan tələffüz olunan bir ad kimi seçilib. “Amin” sözünün İslamda mənası “etibarlı, doğru” olsa da, tətbiqin funksiyası ilə dini mənası arasında heç bir əlaqə yoxdur. Adın tanış səslənməsi miqrantlar tərəfindən tətbiqin daha rahat qəbul olunmasina xidmət edir.

Dövlət və idarəetmə tətbiqlərində ad seçimi strateji əhəmiyyət daşıyır. Qısa və yaddaqalan ad istifadəçilərdə müsbət ilkin təəssürat yaradır. Tanış və etibarlı səslənən ad tətbiqin qəbulunu artırır, sosial uyğunluq və mədəni tanışlıq istifadəçi etibarını gücləndirir. Eyni prinsiplər Azərbaycanda tətbiq olunan ASAN xidmət və DOST mərkəzlərində də nəzərə alınır: xidmətin adı və görünüşü istifadəçidə etibar hissi yaratmalıdır ki, müraciət edənlər prosesləri rahat qəbul etsin.

Nəticə etibarilə, “Amina” tətbiqi miqrantların qeydiyyat və nəzarət proseslərini rəqəmsallaşdırır, sənədləşməni sadələşdirir və dövlət üçün şəffaflıq yaradır. Müsbət təsirləri arasında sənədlərin rəqəmsal idarəsi və qeydiyyat prosesinin sadələşməsi var. Mənfi tərəflər isə daim izlənmə hissi, texniki problemlərdən qaynaqlanan cəza risqi və hüquqi, psixoloji yükün artmasıdır.

Bu tətbiq həm dövlət üçün idarəetməni gücləndirir, həm də miqrantların həyatına birbaşa təsir göstərir.

Akif NƏSİRLİ

Seçilən
53
38
baki-xeber.com

10Mənbələr