AZ

Asiyada daşqınlar və torpaq sürüşmələri 1200-dən çox insanın ölümünə səbəb olub   

İndoneziya, Şri-Lanka və Tailanda baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 1200-ü keçib.  Xilasetmə xidmətləri sağ qalanların və cəsədlərin axtarışını davam etdirir. 800-dən çox insan itkin düşüb. Günlərlə davam edən musson yağışları geniş əraziləri su altında qoyub, minlərlə insanı təcrid edib və bir çoxları damlarda sığınacaq axtarmaq məcburiyyətində qalıb. 

Hakimiyyət orqanlarının son məlumatına görə, təbii fəlakət nəticəsində həlak olanların sayı ən azı 1250 nəfərə çatıb. İndoneziyada 659, Şri-Lankada 410 və Tailandda 181 nəfərin öldüyü təsdiqlənib.

Ən çox zərər çəkən İndoneziyada xilasedicilər Sumatra adasındakı kəndlərə çatmaqda ciddi çətinliklərlə üzləşirlər. Aramsız yağışlar və daşqınlar nəticəsində yollar yuyulub və bərbad vəziyyətə düşüb, körpülər dağılıb. 

Milli Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyi 475 nəfərin itkin düşdüyünü bildirib. Helikopter və qayıqların istifadəsinə baxmayaraq, pisləşən hava şəraiti və zədələnmiş infrastruktur əməliyyatlara əhəmiyyətli dərəcədə mane olur.

Şri-Lanka: Yüzlərlə insan itkin düşüb

Şri-Lankada hərbi xilasetmə qrupları Ditva siklonunun yaratdığı daşqınlar və torpaq sürüşmələrindən sonra itkin düşmüş 352 nəfəri axtarmağa davam edir. Bu barədə Fəlakətlərin İdarə Edilməsi Mərkəzi bildirib.

Məlumata görə, bir neçə əraziyə giriş çətin olaraq qalır: yollar torpaq sürüşmələri nəticəsində  bağlıdır və bəzi yerlərdə körpülər uçub. 

Kandi şəhərində sakinlər su çatışmazlığı ilə üzləşib və təbii bulaqlardan yığılan  sudan istifadə etmək məcburiyyətində qalıblar. Hakimiyyət orqanları xəbərdarlıq edir ki, yaxın günlərdə daha çox yağış yağacağı gözlənilir, vəziyyət daha da pisləşə bilər. 

Tailand fəlakətdən sonra bərpa olunur

Bu arada, Tailandın cənubunda 1,5 milyondan çox ev təsərrüfatına və 3,9 milyon insana təsir edən böyük daşqından sonra küçələri və binaları təmizləmək üçün işlər başlayıb.Yerli hakimiyyət orqanları su və elektrik təchizatını bərpa eməyə çalışır.

Tailand Daxili İşlər Nazirliyi təbii fəlakətdən zərər çəkənlərə isti yemək hazırlamaq üçün ictimai mətbəxlərin yaradıldığını elan edib. Hökumət sözçüsü Siripong Angkasakulkiat ümumilikdə 239 milyon bat (təxminən 6,44 milyon avro) məbləğində ilk kompensasiya tranşının 26000 nəfərə paylanacağını açıqlayıb.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
88
23
azerbaijan-news.az

10Mənbələr