AZ

Sığınacaqda otaq yoldaşını döyən 67 yaşlı şəxs müəssisədən çıxarıldı – Məhkəmə hökm oxudu

BAKI, 3 dekabr. TELEQRAF

Həssas əhali qrupları üçün nəzərdə tutulan Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində yaşanan mübahisə yaşlı şəxslər arasında dava ilə nəticələnib.

Teleqraf xəbər verir ki, insidentə səbəb otaqdakı kondisionerin söndürülməsi olub.

1958-ci il təvəllüdlü Natiq Rəhimov (soyad şərti) həmin otaqda qalan Nizami Qafarovu (soyad şərti) yumruq zərbələri ilə vuraraq xəsarət yetirib.

Natiq Rəhimov ifadəsində əməlindən peşman olduğunu bildirib. Onun sözlərinə görə, kondisioneri söndürdüyü üçün Nizami Qafarov ona irad edib və tərəflər arasında sözlü mübahisə yaranıb.

Təqsirləndirilən şəxs deyib ki, otaqdan çıxmaq istəyəndə Nizami Qafarov onu təhqir edib: *“Mən otaqdan çıxanda Nizami mənə ‘erməni’ dedi. Buna əsəbiləşib onu vurdum.”*

Zərərçəkmiş şəxs Natiq Rəhimovu bağışlamadığını, ona – ağır olmasa belə – cəza verilməsini istədiyini söyləyib.

Hadisədən sonra Natiq Rəhimovun Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsindən çıxarıldığı məlum olub.

Məhkəmənin hökmü ilə o, 1 il 1 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Sabunçu Rayon Məhkəməsi onun barəsində bir sıra öhdəliklər də müəyyənləşdirib.

Natiq Rəhimovun üzərinə yaşadığı ünvandan saat 23:00-dan 06:00-dək kənara çıxmamaq, elektron nəzarət vasitəsini daşımaq, kütləvi tədbirlərdə iştirak etməmək öhdəlikləri qoyub.

Seçilən
16
teleqraf.com

1Mənbələr