AZ

Rəşad İsmayılov: Yeni yanaşmalarımız bərpa və inkişaf proseslərinin planlaşdırılması üçün nümunəvi model kimi qəbul olunur

Bakı, 3 dekabr, G.Mahmudlu, N.Həsənova, AZƏRTAC

Azərbaycanda xəritəçilik sahəsi uzun və zəngin inkişaf yolu keçib, müxtəlif dövrlərin elmi-texniki nailiyyətləri ilə daha da zənginləşib.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xəritəçilik İşçi qrupunun 2-ci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan xəritəçilik, geodeziya və GIS sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə xüsusi önəm verir. TDT çərçivəsində xəritəçilik və geodeziya qurumlarını bir araya gətirən bu görüş də, regional səviyyədə vahid standartların tətbiqi, məlumat mübadiləsinin gücləndirilməsi və ortaq tematik xəritələşdirmə təşəbbüslərinin genişləndirilməsi üçün mühüm imkanlar yaradır: "Rəqəmsal ekoloji informasiya platformalarının yaradılması, təbii ehtiyatların xəritələşdirilməsi, torpaq örtüyü və ekosistem dəyişikliklərinə dair vahid yanaşmalar TDT ölkələrinin qarşısında duran ortaq çağırışlardır.

Bildiyiniz kimi, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə edib. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dağıdılmış infrastrukturun və şəhərlərin yenidən qurulması proseslərinə başlanılıb.

Həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq fəaliyyətlərində müasir xəritəçilik, dəqiq geodeziya ölçmələri və qabaqcıl GIS həllərinin rolu əvəzolunmaz olub. Bu sahədə formalaşdırdığımız yeni yanaşmalar artıq regionda bərpa və inkişaf proseslərinin planlaşdırılması üçün nümunəvi model kimi qəbul olunur".

 

Seçilən
12
azertag.az

1Mənbələr