AZ

“Tik Tok” yazışmaları mübahisəyə səbəb oldu TƏFƏRRÜAT

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Binəqədi rayonunda 27 yaşlı oğlan qısqanclıq zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. Demokrart.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 25-də baş verib. Beyləqan rayon sakini, 1998-ci il təvəllüdlü Vüqar həmin gün saat 21:00-da Binəqədi rayonu, Mərkəz adlanan ərazidə kirayədə yaşadığı fərdi yaşayış evində qeyri-rəsmi nikah münasibətində olduğu Elmira ilə qısqanclıq zəminində mübahisə edib. Baş vermiş münaqişə zamanı Elmiranın bədəninin müxtəlif nahiyələrindən yumruq zərbələri ilə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Elmira ilə rəsmi nikahı olmayıb: “Onunla kəbin ilə qeyri-rəsmi nikahım olub. Aramızda əvvəllər münasibətlərimiz yaxşı olub. Lakin sonradan mənə xəyanət etdiyini bildiyim üçün onunla aramızda münasibətlərimiz pozuldu”.Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə martın 25-də işlədiyi Binəqədi rayonu Ayna Sultanova adlanan ərazidə avtoyuma məntəqəsindən çıxaraq evə gedib: “Həmin gün saat təxminən 21 radələrində yaşadığım Binəqədi qəsəbəsində yerləşən evin giriş hissəsində pəncərənin qarşısından evin giriş qapısına tərəf gəldim. Evə keçmək istəyərkən bu zaman pəncərədən Elmiranın mobil telefonla kiminləsə yazışdığını gördüm. Qapını döyərkən pəncərədən baxdım və gördüm ki, özünə məxsus mobil telefonu yatağın üzərində olan yastığın altına gizlədir. Bu zaman əmin oldum ki, o kiminləsə yazışıb, bunu məndən gizlətmək üçün edib. Daha sonra Elmira gələrək qapını açdı. Mən içəri daxil oldum, yataq otağına keçərək yastığın altında olan Elmiraya məxsus mobil telefonu götürdüm və ona verdim ki, telefonun kilidini açsın, kiminlə danışdığını mənə bildirsin. Bu zaman Elmira özünü itirdi və məndən bunu nə səbəbə etdiyini soruşdu. Elmiraya təkrar olaraq mobil telefonunun kilidini açmasını bildirdim. O, mobil telefonu açaraq mənə verdi. Onun mobil telefonuna nəzər keçirdikdən sonra “Tik-Tok” sosial şəbəkəsinə daxil oldum. Bu zaman sosial şəbəkənin mesaj bölümündə tanımadığım oğlanla Elmiranın yazışmasını və həmin yazışmada görüşmək istəmələri barədə mesaj hissəsini müəyyən etdim. Bu zaman əsəbi olduğumdan Elmiranın sağ qoluna və əlinə, həmçinin sol bazu nahiyyəsinə yumruqla bir dəfə zərbə vurdum. Elmira həmin zərbədən sonra qaçaraq mətbəxə keçdi. Mən də əsəbi olduğum üçün evi tərk etdim. Daha sonra məlum oldu ki, Elmira baş vermiş münaqişə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gedərək ərizə ilə müraciət edib”.İş üzrə zərərçəkmiş Elmiranın sözlərinə görə, 2017-ci ildə Goronboy rayonunun kəndində yaşayan zaman Kənan ilə qeyri-rəsmi qaydada ailə qurub, həmin ailəlikdən 1 qız övladı dünyaya gəlib: “2019-cu ildə Kənandan ayrıldım. Bundan sonra Bakı şəhərində qız övladım ilə birlikdə yaşadım. 2021-ci ildə Vüqar ilə qeyri-rəsmi qaydada ailə qurmuşam. Həmin ailəlikdən 2-ci qız övladım dünyaya gəldi. Biz ailəlikcə Vüqar ilə birlikdə Binəqədi qəsəbəsi “Mərkəz“ adlanan ərazidə yerləşən “Qızıl” marketin yaxınlığnda fərdi yaşayış evində kirayə yaşayırdıq. Vüqar ilə yaşadığımız müddətdə aramızda dəfələrlə xırda mübahisə və münaqişələr baş verdi. Lakin mən bununla bağlı rəsmi qaydada polisə müraciət etmədim”. Zərərçəkmiş qeyd edib ki, 2025-ci ilin aprel ayında Vüqardan ayrılıb, hazırda övladları ilə birlikdə ayrı yaşamaqdadır: “Martın 25-də, saat 21 radələrində Binəqədi qəsəbəsində fərdi yaşayış evində kirayə yaşadığım evdə 2 azyaşlı övladım ilə birlikdə olan zaman Vüqar evə sərxoş halda gəlmdi, yemək istədi. Mən də ona evdə ərzaq olmadığından yemək bişirmədiyimi bildirdim. Bu səbəbdən Vüqar ilə heç bir səbəb olmadan mübahisəmiz oldu. Daha sonra mübahisə zamanı Vüqar üzərinə gəldi, yumruqla bədənimin sağ və sol qoluna vurmağa başladı. Mən onun zərbələrindən sonra yerə yıxıldım. Bu vaxt yataqda olan övladlarım səs-küyə oyandılar. Vüqarla barışmamışam”.Bu cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqar 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. 

Cəzanın icra olunduğu müddət ərzində təqsirləndirilən şəxsin üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.

Bundan əlavə, ona cəzanın icra olunduğu müddət ərzində yaşayış yerini gecə saat 2200-dan səhər saat 0700-dək tərk etməsi qadağan edilib. Ona bu müddətdə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi tapşırılıb. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
demokrat.az

1Mənbələr