AZ

Medvedev Avropanı müharibə ilə hədələdi

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Avropa İttifaqının Rusiya aktivlərini Ukraynaya “reparasiya krediti” kimi yönəltmək planlarını kəskin şəkildə tənqid edib.

KONKRET.az xəbər verir ki, Medvedev bunun Rusiyanın müharibəyə başlaması üçün qanuni əsas olacağını deyib.

O qeyd edib ki, bu vəsaitlərin qaytarılması artıq məhkəmə vasitəsilə deyil, “həqiqi reparasiyalar” yolu ilə baş verə bilər.

Xatırladaq ki, Avropa Komissiyası Kiyevə ümumilikdə 210 milyard avroya qədər maliyyə ayırmağı təklif edib. Bu məbləğin 140 milyard avrosu Rusiyanın Avropa banklarında, xüsusilə də “Euroclear”da dondurulmuş Mərkəzi Bank hesablarından götürülə bilər. Vəsaitin bir hissəsi Ukraynanın müdafiəsinə, qalanı isə kreditlərin ödənilməsinə və büdcə ehtiyaclarına yönəldiləcək. Qərarın qüvvəyə minməsi üçün Aİ ölkələrinin səs çoxluğu tələb olunur.

Belçikanın Baş naziri Bart de Vever bildirib ki, Rusiya Mərkəzi Bankının aktivlərinin müsadirəsi beynəlxalq hüquq normalarına ziddir və bu addım Moskvanın və digər ölkələrin sərt cavabına səbəb ola bilər. ABŞ isə bəyan edib ki, bu aktivlərin taleyi yalnız Ukrayna ilə sülh razılaşmasından sonra həll olunmalıdır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
22
1
konkret.az

2Mənbələr