AZ

Restoranlarda hansı təhlükəsizlik qaydalarına riayət olunmalıdır? - EKSPERT AÇIQLADI

Son zamanlarda paytaxt ərazisində restoranlarda müəyyən səbəblərə görə yanğınlar baş verir. Bəs, restoranlarda hansı təhlükəsizlik qaydalarına riayət olunmalıdır?

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev SİA-ya açıqlamasında bildirib ki, restoranlarda yanğın təhlükəsizliyinin əsas qaydalarında birinci yerdə mətbəx avadanlıqlarının təhlükəsizliyi dayanır:

"Buraya soba, qızartma avadanlıqları, havalandırma və aspirasiya qurğuları daxildir. Qaz xətti, o cümlədən şlanq, klapan, mufta və s. birləşmələr ildə bir dəfədən az olmayaraq test edilməlidir. İkinci növbədə elektrik təsərrüfatının təhlükəsizliyidir. Həddindən artıq yüklənməyə yol verilməməli, kabel və naqillər ildə bir dəfə sınaq testindən keçirilməli, torpaqlama sistemi olmalıdır. O cümlədən, zal və xidmət sahələrinin təhlükəsizliyi də vacibdir. Fövqəladə hallar üçün təxliyə çıxışları təyin olunmalı, yanğınsöndürmə balonları və ilkin yanğınsöndürmə vasitələri gözə görünən və əlçatan yerdə yerləşdirilməlidir. Personal hazırlığı olmalıdır. İşçilər ilkin tibbi yardım və yanğın təhlükəsizliyi üzrə təlimlərə cəlb olunmalıdırlar. Hər kəs 112-yə nə zaman zəng edəcəyini bilməlidir. Bundan əlavə, yanğın siqnalizasiya sistemləri, tüstü detektorları, avtomatik söndürmə (sprinkler) sistemləri quraşdırılmalıdır. Qida anbarları və qaz balonlarını diqqətdə saxlamaq vacibdir. Bu ərazilər xüsusi arakəsmələrlə ayrılmalı, havalandırma sistemi olmalı, daxili temperatur nəzarətdə saxlanılmalıdır. Təmizlik, yağ və tullantılar xüsusi qablarda saxlanmalı, isti sahələrdən kənarda yerləşdirilməlidir və mütəmadi utilizasiya olunmalıdır. Yanğın təhlükəsizliyi qanunvericiliyinə uyğun hüquqi-normativ sənədlər var. Fövqəladə Hallar Nazirliyi tərəfindən planlı və növbədənkənar yoxlamalar aparılır. Uyğunsuzluqlara görə cərimə və fəaliyyətin dayandırılması kimi sanksiyalar tətbiq oluna bilər".

Müəllif: Arzu Qurbanlı
Seçilən
12
1
sia.az

2Mənbələr