AZ

Bakıda Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib  

Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, iclasda iştirak məqsədilə Birgə Komissiyanın İraq Respublikası tərəfindən həmsədri, bu ölkənin rabitə naziri Hayam Al-Yasirinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, sıx tarixi, dini və mədəni əlaqələrə malik iki dost ölkə olan Azərbaycan və İraq arasında müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.

R.Nəbiyev ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi barədə məlumat verib, Birgə Komissiyanın tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün səmərəli platforma olduğunu vurğulayıb.

Eyni zamanda qeyd olunub ki, Azərbaycan – İraq Biznes Şurasının fəaliyyətinin aktivləşdirilməsi iki ölkə arasında ticarət əlaqələrinin inkişafına töhfə verə bilər.

Nazir, həmçinin regionda sülh quruculuğu ilə bağlı cari vəziyyət, habelə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərindən danışıb. Diqqətə çatdırılıb ki, işğaldan azad edilən ərazilər Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində yenidən qurulur və bu region yaşıl enerji zonası elan olunub.

İclasda iqtisadiyyat, sənaye, ticarət, qarşılıqlı investisiyalar, neft və qaz, rəqəmsal inkişaf, elm və təhsil, mədəniyyət, turizm, gənclər və idman sahələrində əməkdaşlıq imkanlarına dair geniş müzakirələr aparılıb.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclasının Protokolu imzalanıb.

Birgə Komissiya 2010-cu il noyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb.

Seçilən
10
8
azerbaijan-news.az

10Mənbələr