AZ

Bakıda yanğın: 4 nəfər ölüb, 4 nəfər də tüstüdən zəhərlənib (VİDEO)

Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Qobu Park-1” yaşayış kompleksində çoxmərtəbəli binada güclü yanğın baş verib.

MilliYol.az xəbər verir ki, hadisə barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub. Yanğın doqquzmərtəbəli binanın yeddinci mərtəbəsindəki ikiotaqlı mənzildə baş verib və genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə zamanı 4 nəfər, o cümlədən 2 azyaşlı tüstüdən boğularaq həyatını itirib. Mənzilin bir hissəsi yanıb, digər mənzillər isə yanğından mühafizə olunub. Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Bildirilib ki, yanğının baş vermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub. Hadisə nəticəsində əmələ gələn tüstüdən 4 nəfər (onlardan 2-si azyaşlıdır) boğularaq ölüb. Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

TƏBİB-dən isə bildirilib ki, 05.12.2025-ci il tarixində saat 03:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park 1" yaşayış massivində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.

Bildirilib ki, dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hadisə yerində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 nəfərdən 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir. 1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.

Seçilən
4
11
milliyol.az

10Mənbələr