AZ

Xəyanətin iflası

"Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycan tarixi Zəfər və dövlət suverenliyinin tam bərpasının yaratdığı reallıqlar fonunda yeni dövrün hədəflərinə doğru inamla addımlayır. Təbii ki, bugünkü uğurlarımız keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar tariximizin qara səhifəsi kimi xatırlanır. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə Azərbaycan böyük faciələrlə üz-üzə qaldı. Ölkəmiz müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşadı. Belə bir çətin dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan inkişaf yoluna çıxdı, bugünkü uğurlarımız üçün möhkəm təməl yarandı. Son 22 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı daha da gücləndirdi. Uğurlarımızın zirvəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə və ölkəmizin ərazi bütövlüyünün bərpası dayanır. Bu uğurlarımıza qısa nəzər salmağımız səbəbsiz deyil. Azərbaycanın uğurlarını həzm edə bilməyən daxili bədxahlarımız daim antiazərbaycan qüvvələrin maraqlarının həyata keçirilməsində bir vasitəçiyə çevrilib. Radikallığı özlərinə bir fəaliyyət istiqaməti kimi seçən ünsürlər milli maraqlarını şəxsi ambisiyalarına qurban verməklə xəyanətkar əməlləri ilə hər zaman ictimai qınaqla üzləşiblər. Ramiz Mehdiyevin əhatəsində sıx birləşən Əli kərimlilərin, cəmil həsənlilərin, gültəkin hacıbəylilərin dövlətə xəyanətləri ilə bağlı üzə çıxan faktlar onların kimliyini bir daha ictimaiyyətə təqdim edir. Hakimiyyəti zorla ələ keçirməyə yönələn cəhdlər, eyni zamanda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi çərçivəsində Əli Kərimli barəsində araşdırmalar bir sıra qaranlıq məqamlara işıq salır. Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli də hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunur. Əli Kərimli ilə Ramiz Mehdiyevin çevriliş planında iştirak edənlərin sırası genişlənməkdədir".

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, şəxsi ambisiyaların bir araya gətirdiyi Ramiz Mehdiyev-Əli Kərimli-Gültəkin Hacıbəyli-Cəmil Həsənli birliyinin hakimiyyəti ələ keçirmək planları ölkə mətbuatında geniş şərh edilir: "Araşdırmalar əsasında yeni faktlar ortaya çıxır.  O da məlumdur ki, 2013-cü ildə ölkəmizdə keçirilən prezident seçkiləri ərəfəsində Rusiyadakı antiazərbaycan dairələri tərəfindən meydana çıxarılan milli şuranın yaradılması, ondan sonrakı hadisələr qurumun məqsəd və məramını ictimaiyyətə çatdırdı. Davamlı şəkildə keçirilən məqsədli mitinqlərdə səsləndirilən çağırışları yada salmaq kifayətdir. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detalları açıqlanır. Belə ki, onun davamlı mitinqlər çağırışının icraçısı qismində çıxış edən Əli Kərimlidən tələb bu olub ki, "ənənəvi müxalifət daim ön planda olmalıdır". O da məlumdur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin evində apardığı axtarış zamanı aşkarlanan məktub da siyasi gündəmin əsas müzakirə mövzularından birinə çevrilməklə bır sıra məqamlara aydınlıq gətirdi. Axtarış zamanı Əli Kərimlinin evində Ramiz Mehdiyevin Rusiyaya ünvanladığı müraciətin ilkin variantı da üzə çıxdı. Aşkarlanan müraciət mətni Əli Kərimlinin fəaliyyəti ilə bağlı ciddi məqamları təqdim edir". 

Malik Həsənov onu da vurğulayıb ki, AXCP və milli şuranın maliyyələşməsində  Rusiyada yaşayan azərbaycanlılardan istifadə olunması faktlarla təsdiqlənib: "Ramiz Mehdiyev-Əli Kərimli ittifaqının kökləri açıqlanır.  Son araşdırmalar da göstərir ki, Ramiz Mehdiyev və Əli Kərimli arasında gizli görüşlər, məxfi məlumat mübadiləsi həyata keçirilsə də, məkrli "Dövlət Şurası" planı baş tutmayıb".
Millət vəkili qeyd edib ki, Vətənə, dövlətə xəyanət heç kimə başucalığı gətirmir: "Şəxsi ambisiyalarının quluna çevrilən bu ünsürlər xüsusi təlimatlar əsasında ölkədə çevriliş etməyə, xaos yaratmağa çalışıblar. Hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. Azərbaycan hüquqi dövlətdir. Hər bir dövlətin müstəqilliyi, təhlükəsizliyi və sabitliyi üçün xüsusi xidmət orqanları müstəsna rol oynayır. Bu baxımdan Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətini xüsusi qeyd etməliyik. Bu fəaliyyət çərçivəsində Dövlət Təhlükəsizliyi Xidməti xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qarşısının alınması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirir".
Malik Həsənov bildirib ki, hazırda cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də sədrinə ağır ittihamlar irəli sürülən bir partiyanın fəaliyyət göstərməsinin mümkünsüzlüyüdür. Hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunan Əli Kərimlinin tutduğu yol onun rəhbərlik etdiyi AXCP-nin məkrli fəaliyyətindən xəbər verir. Belə bir partiyanın Azərbaycan siyasi sistemində mövcudluğuna heç bir əsas yoxdur. Sular durulur, xəyanətkarlar ictimaiyyətə təqdim edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
2
olaylar.az

10Mənbələr