AZ

Sovet mirası və müasir siyasət: Rusiya, Çin və Hindistanın kəsişən strateji maraqları

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya yaranmış yeni geosiyasi şəraitdən maksimum faydalanmağa çalışır. Qərblə münasibətlərin kəskinləşdiyi, Çinlə strateji əməkdaşlığın dərinləşdiyi bir dövrdə Moskva üçün növbəti hədəf Hindistan kimi böyük və yüksələn gücün dəstəyini daha da möhkəmləndirməkdir. Elə buna görə də Rusiya prezidenti Vladimir Putinin Dehliyə iki günlük səfəri həm region ölkələrinin, həm də qlobal güclərin diqqət mərkəzinə çevrilib. 

Putin və Modi iki günlük görüşlər çərçivəsində nələrə razılaşacaqlar və bu razılaşmalar regionun geosiyasi balansına necə təsir göstərəcək? Putinin Hindistan səfərini şərti olaraq “geosiyasi dönüş nöqtəsi” adlandırmaq olarmı? 

Moderator.az-a açıqlama verən politoloq Fuad Abbasov bildirib ki, Rusiya ilə Hindistan arasındakı münasibətlər Sovet İttifaqından miras qalan ənənəvi strateji əməkdaşlıq üzərində qurulub:

“İndira Qandinin Sovet İttifaqına səfəri hələ də xatırlanır. O dövrdə Moskva Hindistan yarımadasına, xüsusilə də İngiltərənin keçmiş müstəmləkəsi olan Hindistanın müstəqillik mübarizəsinə ciddi siyasi dəstək göstərirdi. Sovet İttifaqının varisi kimi Rusiya Federasiyası da bu tarixi və etibarlı münasibətləri öz geosiyasi məqsədləri üçün qoruyub-saxlamağa və gücləndirməyə çalışır.

Bu gün Rusiya, Hindistan və Çin üçlüyü çərçivəsində Avrasiyada yeni güc mərkəzi formalaşdırmaq cəhdləri açıq görünür. Moskva, ilk növbədə, Qərbə və xüsusilə ABŞ-a meydan oxuyur. Başda Çin olmaqla, həm Hindistandan, həm də digər Asiya ölkələrindən Avropaya daşınan malların mühüm hissəsinin Rusiya ərazisindən və ya ona bağlı marşrutlardan keçməsi isə Avropanı faktiki olaraq həm Rusiyadan, həm Çindən, həm də Hindistandan asılı vəziyyətə salır”.

Politoloq onu da qeyd edib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Çin və Hindistana ciddi təsir göstərməyib:

“Donald Tramp dəfələrlə Hindistan və Çinə müraciət edərək Rusiyadan neft məhsulları almamağı tələb etsə də, bu iki ölkə əksinə, yaranmış fürsətdən istifadə edərək Rusiya neftinin ucuzlaşmasını öz xeyirlərinə çeviriblər. Çin və Hindistan son illər Rusiyadan böyük həcmdə neft və neft məhsulları idxal edir və bu yolla öz iqtisadiyyatlarını gücləndirirlər.

Bu amil Rusiyanı həm iqtisadi, həm strateji, həm də hərbi sahədə Hindistan və Çinlə əməkdaşlığı daha da dərinləşdirməyə həvəsləndirir. Təbii ki, bütün bu proseslər ABŞ və Qərbin diqqətindən kənarda deyil. Lakin maraqlıdır ki, Qərbin təsirinə məruz qalmadığını nümayiş etdirən Çin və Hindistan bu mövqelərini nə qədər qoruyub saxlaya biləcəklər? Bu sual hələ də açıqdır.

Çünki Çindən ixrac olunan avtomobillər, elektronika və bir çox internet xidmətləri artıq ABŞ-da sanksiya altındadır və eyni məsələ Avropa ölkələrində də müzakirə olunur. Belə olan halda, Çin, Rusiya və Hindistan üçlüyü öz daxili əməkdaşlığı ilə iqtisadiyyatlarını stabil saxlaya biləcəkmi, yoxsa yenə də Amerika və Qərb bazarları bu ölkələrin iqtisadi inkişafında həlledici rol oynamaqda davam edəcək? Bunu zaman göstərəcək.Ancaq ortada açıq görünən bir məqam var: Rusiya həm Hindistanla olan ənənəvi münasibətlərini, həm də Çinlə Sovet dövründən miras qalan bağlantıları çox məharətlə istifadə edir. 

Bütün bunların nəticəsində Avro-Asiya üçbucağı formasında yeni bir güc mərkəzinin, yeni bir geosiyasi qütbün yaranacağını proqnozlaşdırmaq mümkündür”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
moderator.az

2Mənbələr