AZ

PUTİN AVROPANI KİMİN ÜÇÜN HƏDƏLƏYİR? Və ya ABŞ Rusiyanı niyə və necə şirnikləndirir?

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kreml ABŞ-nin əlində Avropaya qarşı alətə çevrilib , Vaşinqton və Pekin arasında var-gəl edir

Rusiya-Ukrayna müharibəsində sülhə nail olmaq üçün ABŞ-Ukrayna və ABŞ-Rusiya danışıqları real nəticə vermir. Ukrayna Prezidenti Volodimir Zelenskini kapitulyasiyaya məcbur etməklə dayanıqlı sülhə nail olunmayacaq. Bəlkə elə sözdə bir cür, əməldə başqa cür davranan Donald Tramp da məhz bunu istəyir və danışıqlar onun üçün sadəcə bəhanədir?...

Bəzi nəzəriyyələrə görə, Donald Trampın və xüsusilə də ABŞ dərin dövlətinin bu müharibə ilə bağlı öncədən bəlli olan, lakin hamıdan gizlədilən hansısa planı var. Böyük ehtimalla həmin planın sürətlə həyata keçirilməsi müəyyən obyektiv səbəblərə görə hələ ki, mümükün deyil. Ona görə də sülhün “düyünlənməsi” heç də Zelenskinin inadkarlığından və ya Putinin tələblərindən geri çəkilməməsindən irəli gəlməyə bilər.

Əlbəttə, ilk baxışda elə təsəvvür yaranır ki, Tramp Rusiya-Ukrayna müharibəsini yekunlaşdrmaq istəyir, lakin buna dəfələrlə cəhd etsə də heç nə alınmır. Trampın müharibəni hansı şərtlərlə sonlandırmasına gəldikdə isə bəziləri hesab edirlər ki, ABŞ Prezidenti Rusiyanın “sındırılmasında” yox, müharibənin davam etdirilməsində maraqlıdır. Elə buna görə də Ağ Ev administrasiyası Rusiyanın lehinə olan mümkün variantları bir-bir və tədricən işə salır. Lakin unutmayaq ki, ABŞ Rusiyanı özbaşına buraxmayıb, yeri gələndə kontrollu şəkildə onun iqtisadiyyatına zərbələr də vurur. Trampın Rusiya neft nəhənglərinə qarşı sanksiya tətbiq etməsi buna bariz nümunədir. Yəni, düşünülür ki, Rusiyanın bir az əziyyət çəkməsi onun iqtisadiyyatına ziyanlar vursa da, kollapsa salmaz. Ona görə də əgər birdən görsək ki, Tramp sanksiyaları yumşaldır, buna təəccüblənməyin...

ABŞ Ukraynadan böyük parça qoparmaq istəyən Rusiyanı sanki şirnikləndirir. Rusiya isə keçmişdəki hadisələrin xronoloji ardıcıllığına baxaraq iştahlanır. Bəllidir ki, Ukrayna qlobal oyunçuların poliqonuna çevrilib və bu proses hələ 1994-cü ildən başlayıb, mərhələlərlə formasını dəyişərək indiki hala düşüb. Birinci mərhələdə Qərbin, xüsusilə də ABŞ-nin təkidi ilə Budapeşt memorandumu imzalandı, nüvə silahından imtina müqabilində Ukraynaya təhlükəsizlik zəmanəti verildi. İkinci mərhələdə həmin zəmanət ayaqlar altına atıldı və Rusiya ordusu separatçı yaraqlılar adı altında 2014/15-ci illərdə Krımı və Donbasın bir hissəsini işağl etdi. Sonra növbəti hücuma hazırlaşmağa başladı.

Nəhayət, 2022-ci ilin 24 fevralında Vladimir Putin Ukrayna ərazisində Xüsusi Hərbi Əməliyyata başlatdığını elan etdi və beləliklə, Ukraynaya qarşı qəsdin sayca üçüncü fazasına start verildi. Hazırda Ukrayna ərazisinin 18,5 faizi işğal altındadır. Putin danışıqlarda Donbas vilayətinin bütövlüklə ona verilməsini tələb edir. Hərbi ekspertlərin fikrincə, hədsiz dərəcədə ləng irəliləyən Rusiya ordusnun bu əraziləri indiki templə tutması üçün 2-3 il vaxt lazımdır.

Bəs əgər Tramp Ukraynanın güzəştə getməsini, Rusiyanın bu qarşıdurmadan uduşlu çıxmasını istəyirsə, onda burada ABŞ-nin başlıca geostrateji marağı nədir? Təsadüfi heç nə ola bilməz. Putinin əlində Trampa qarşı kompromatların olması kimi mənasız tezislər yalnız diqqətləri yayındırmaq və izi itirmək məqsədi güdür. Belə qənaət yaranır ki, ABŞ-nin planına görə, müharibə uzanmalı, Rusiya iqtisadiyyatı kollapsa düşməsə də, neft-qaz sektoru, mədən sənayesi tənəzzülə uğramalı, hərbi qüvvələrin döyüşçü resursu tükənməlidir. Bundan əlavə, Rusiya Avropaya qarşı təhlükə mənbəyi olduğunu nümayiş etdirməklə iri miqyaslı avntüraya girişməlidir. 

Valdimir Putinin Stiv Uitkoffla keçirdiyi görüşlər ərəfəsində və sonra Avropaya qarşı səsləndirdiyi bəyanatların aqressivlik tonunun yüksəlməsi və hətta Avropayla müharibəyə hazır olmasını söyləməsi çox incə mətləblərdən xəbər verir. Putinin Avropaya qarşı müharibə ritorikası ilə danışması onun ABŞ-yə arxayın olmasından və geostrateji mübarizədə Vaşinqtonun yanında yer almaq istəyindən xəbər verir. Çünki Uitkoffla keçirdiyi danışıqlarda Putinə ABŞ-nin maraqlarının konturları izah edilib və o, nələr baş verdiyindən müəyyən mənada agahdır. ABŞ Avrasiyada Avropanı autsayder vəziyyətinə salmaq niyyətindədir və Rusiya bu yolda onun üçün vasitədir.

Rusiyanın Avropa ilə silahlı qarşıdurması “Bir yol, bir kəmər” layihəsini reallaşdırmağı hədəfləyən Çinin geostrateji maraqlarına ziddir, amma Putin Ukrayna müharibəsindən qalib çıxmaq üçün Vaşinqtonun istəklərinə cavab verən siyasət yürütməyə başlaya bilər. Belə olan təqdirdə Kremlin Çinlə münasibətləri soyuyacaq və nəticədə Rusiya şərq qonşusundan gözlənilməz sarsıdıcı zərbələr alacaq. Bundan sonra Moskva Pekin asılılığından qurtulmaq üçün Vaşinqtona üz tutacaq. Avropa və Çinlə münasibətləri korladıqdan sonra Rusiyanın yeganə ümid yeri ABŞ olacaq.

Təbii ki, bu fikirlər sadəcə bir ehtimaldır, lakin əgər tarixə yaxşı nəzər yetirsək, onda Rusiyanın müttəfiqlərinə necə dönük çıxdığının və ABŞ ilə dəfələrlə ortaq məxrəcə gəldiyini görərik. Məsələn, Rusiya sualtı qayığının Hindistan ordusuna icarəyə verilməsi təkcə mənfəət əldə edilməsi kimi dəyərləndirilməməlidir. Bu, Kremlin Çinin rəqibi olan Hindistan ilə yaxınlaşmasının əyani sübutudur. Unutmayaq ki, Hindistan Çinlə strateji rəqabətdə olan ABŞ, Yaponiya və Avstraliya ilə birlikdə “QUAD” təşkilatında yer alır.

Hadisələrin gedişi göstərir ki, Rusiya-Ukrayna müharibəsi yeni dünya nizamının qurulması üçün geostrateji mübarizə meydanıdır. Avrasiya materikində mühüm mövqedə yerləşən Rusiyanın gələcək perspektivdə harada yer alacağı heç də Moskvanın istəklərinə bağlı olmayacaq. Biruzə verməsələr də ruslar bunu anlayırlar və elə bu səbəbdən də Kreml ABŞ və Çin arasında var-gəl edib, sonda daha güclünün yanında qərarlaşmağı düşünür.

Vaqif Nəsibov

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
azpolitika.info

2Mənbələr