Nərmin Ağayeva adlı xanım Sabunçuda yerləşən 3 saylı Şəhər Kliniki Xəstəxanasından şikayət edib.
Ölkə.az xəbər verir ki, axşam.az-a açıqlama verən xanım 5 aylıq hamilə olduğunu, övladının xəstəxanada həkimlərin səhvi nəticəsində tələf edildiyini bildirib:
“Az qanaxmam oldu, xəstəxanaya getdim. Gecə saat 2 idi, Elnarə adlı həkim məni qəbul etdi, amma yaxınlaşmadı, baxmadı. Təyinatla analgin, dimedrol vuruldu. Səhər həkimi çağırtdırdım, ağrıdığımı dedim. Yanıma yaxınlaşmadı ki, qripsən, özümü qorumalıyam. Heç maraqlanmadı. Şöbə müdiri Pərvanə Orucova gəldi, eyni zamanda həkim Mehdiyeva Zabilə. Yaxşı baxsınlar deyə pul da verdim. Amma baxmadılar.
USM-ə apardılar. Ağrıdan birtəhər idim, məni araba ilə aparmadılar. O halda yeridə-yeridə apardılar. İlk usm-də dedilər heç nə yoxdur, hematomadır (qan damarı zədələndikdə dərinin altına və ya bədən boşluqlarına yığılan qan toplusudur). Söylədilər ki, müalicə olunub evə buraxılacaqsan. Hər şeyi normal göstərdilər. Sonra gecə də usm etdilər. Yenə qaydasında olduğunu deyib, yola saldılar.
Sən demə, su açılışı olub, onu da bunlar ediblər. Qolumda sistem, ağrıdan ağlaya-ağlaya həkim otağına getdim ki, mənə baxın. Təsəvür edin yenə o halda usm otağına qədər məni yeritdilər. Bu dəfə dedilər su açılışı olub. Mənə Nərmin adlı qızın usm nəticələrin veriblər. Dedilər, iki gün burada qal, uşaq qalsa qalacaq, qalmasa götürəcəyik. Mənim bədənimə zəhərlənmə verməyə başladı, həkimlər isə maraqlanmır. Ailəm məni başqa xəstəxanaya yerləşdirdi. Uşağım tələf oldu. Mən deyəndə su gəlir, deyirdilər, hematomadı təmizlənir. O ağrılarla xəstəxanada gəzib həkim axtarır, yalvarırdım ki, mənə baxın. Digər xəstəxanada dedilər ki, uşağın tələf olmasına səbəb vurulan analgin və dimedrol olub. Uşağımı 3 saylı Şəhər Kliniki Xəstəxanasındakı həkimlərin etinasızlığı tələf etdi”.
