Ölkədə minimum əməkhaqqının artırılması tələb edilib…
Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib.
Moderator.az xəbər verir ki, toplantı iştirakçıları ilk növbədə Rusiya-Ukrayna arasında davam edən qanlı müharibənin dayandırılması və tərəflər arasında sülhə nail olunması istiqamətində ötən həftə ərzində ABŞ-ın təşəbbüsü ilə davam etdirilən danışıqlar ətrafında fikir mübadiləsi aparıb. Müzakirələrdə Rusiya-Ukrayna müharibəsinin beynəlxalq hüquqa uyğun olaraq, hər iki dövlətin ümdə maraqlarının uzlaşdırılaraq sona çatdırılmasının vacibliyi qeyd edilib. Yalnız, bu halda bölgədə ədalətli sülhün bərqərar olacağı, əks halda bu üzücü müharibənin böyük itkilər hesabına davam edəcəyi və nəticə etibarı ilə dünyanın iqtisadi, siyasi və hərbi təhlükəsizliyi ciddi risklərlə üzləşəcəyi qeyd edilib.
İdarə Heyəti son zamanlar Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində atdığı addımlar və ötən həftə tərəflər arasında iqtisadi islahatlar, demokratik idarəçilik və siyasi inteqrasiya naminə strateji güdəm sənədinin imzalanmasına da münasibət bildirib. İdarə Heyəti hesab edib ki, Azərbaycanın bu məsələdə Ermənistandan geri qalmaması, Avropa İttifaqı ilə əlaqələrinin möhkəmləndirilməsi arzuolunandır.
İdarə Heyəti ötən həftə Azərbaycan və Ermənistan rəsmiləri arasında keçirilən növbəti görüş və bu görüş çərçivəsində iki ölkə arasında sərhədlərin delimitasiyası, demarkasiyası və eyni zamanda Azərbaycanın enerji resurlarının Ermənistana nəqli imkanlarının müzakirəsini təqdir edib, bunu iki dövlət arasında münasibətlərin sülhə doğru inkişaf etdirilməsində növbəti addım kimi dəyərləndirilib.
İdarə Heyəti eyni zamanda Pakistanın Ermənistanda diplomatik nümayəndəlik açması və Türkiyə ilə Ermənistan sərhədlərinin açılması ilə bağlı aparılan müzakirələrə də münasibət bildirib. Qeyd edilib ki, hər iki fakt öz həllini tapacağı təqdirdə Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə əlavə dəyər qata bilər.
İdarə Heyəti ölkədəki sosial-iqtisadi vəziyyətin ağırlığı ilə bağlı da müzakirələr aparıb. Müzakirələrdə qeyd edilib ki, ölkə vətəndaşlarının maddi rifahının artırılması məqsədilə Azərbaycan hökuməti qoşulduğu Avropa Sosial Xartiyasının tələblərinə uyğun olaraq minimum əmək haqqını orta əmək haqqının 60 faizinə qədər qaldırmalıdır.
Eyni zamanda icbari tibbi sığorta sahəsində yaşanan problemlərə diqqət yetirən İdarə Heyəti icbari tibbi sığorta ilə müalicə alan xəstələrin yalnız TƏBİB-in əməkdaşlıq etdiyi xəstəxanalara göndərilməsini tənqid edib. Müzakirələrdə qeyd edilib ki, bu hal həmin xəstəxanalarda xəstə sıxlığının yaranmasına gətirib çıxarır, tibbi yardımın keyfiyyətinə mənfi təsir göstərir və bir sıra sosial əyintilərə yol açır. İdarə Heyəti bu sahədə mövcud olan korrupsiya və sosial əyintilərin qarşısını almaq məqsədilə icbari tibbi sığorta ilə müalicə almaq istəyən xəstələrə tibb müəssisələrinin seçilməsində sərbəst seçim imkanı verilməsinin vacibliyini bildirib.
İdarə Heyətində sonda bir sıra cari məsələlər də müzakirə olunub.