Olaylar.az xəbər verir ki, Azər Cümşüdov "Baksol" yolu ərazisində 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümünə görə müttəhimlər kürsüsünə çıxarılıb.
Azər Cümşüdova Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb. O, ittihamı qətiyyətlə rədd edir, özünü təqsirli bilmir.
"Sab Azərbaycan"nın əməkdaşı olmuş Cümşüd Cümşüdlünün anası Fəridə Abbasova onun hüquqi varisi kimi tanınıb.
Ötən hazırlıq iclasında Azər Cümşüdovun vəkili Anar Ramazanov işin məhkəmə baxışına verilməsinə etiraz etmişdi. Demişdi ki, cinayət işi ilə tanış deyil:
"Bəzi məsələlər var ki, onlar məhkəmənin hazırlıq iclası mərhələsində həll olunmalıdır. Buna görə də cinayət işi ilə tanış olmaq üçün hazırlıq iclasının təxirə salınmasını istəyirik. Çünki bəzi sənədlərin sübutlar siyahısından çıxarılması və ya işə əlavə olunması hazırlıq iclası mərhələsində həll olunur. Bizim də bəzi vəsatətlərimiz ola bilər. Təqsirləndirilən şəxsin öz vəkili olmayıb, buna görə işin necə getməsi ona tam aydın deyil".
Azər Cümşüdov isə bildirib ki, ibtidai istintaq zamanı ona dövlət hesabına vəkil təyin edilib, amma həmin vəkillə təması olmayıb. Azər Cümşüdovun sözlərinə görə, baş verən olayın ona heç bir aidiyyəti yoxdur:
"Mən özümü qətiyyən təqsirli bilmirəm. Cinayət işi ilə tanış olmuşam. Amma bəzi sənədlər işə əlavə edilməyib. Bu işin mənə heç bir aidiyyəti yoxdur. Həmin dövrdə orada işləməmişəm. Bu barədə sənədlər işə əlavə olunmayıb".
Qeyd edək ki, 27 yaşlı Cümşüd Cümşüdlü bu il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb. Ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən 2 gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.
Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində başqa yerə getməmək növündə qətimkan tədbiri seçilib. (Musavat.com)