AZ

Vasif Qafarov: Azərbaycan Slovakiya ilə strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirir

“Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya səfəri zamanı mətbuata verdiyi bəyanatın Azərbaycan üçün həm regional, həm də qlobal müstəvidə etibarlı tərəfdaş kimi mövqeyini gücləndirdiyini qeyd edib. Dövlət başçısının nitqində diplomatik xəttin ardıcıllığı, iqtisadi gücün dayanıqlılığı və beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyət açıq şəkildə əks olunub”.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Deputat vurğulayıb ki, Slovakiya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi və iki ölkə arasında dostluq, qarşılıqlı etimad prinsiplərinə əsaslanan əlaqələrin inkişafı Azərbaycan-Slovakiya əməkdaşlığının möhkəm təməl üzərində qurulduğunu təsdiqləyir.

O qeyd edib ki, Azərbaycanda 8 noyabr 2025-ci il tarixində keçirilən Qələbənin beşinci ildönümü tədbirlərində Slovakiyanın yüksək səviyyədə təmsil olunması bu münasibətlərin bariz nümunəsidir.

Vasif Qafarov Azərbaycan-Slovakiya diplomatik əlaqələrinin tarixçəsinə də diqqət çəkərək, Slovakiyanın Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci il tarixində tanıdığını, 1993-cü ildə isə iki ölkə arasında diplomatik münasibətlərin qurulduğunu xatırladıb. Deputat bildirib ki, əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir və indiyədək iki ölkə arasında 13 sənəd imzalanıb.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu getdikcə artır, ölkənin qaz ixracı 25 milyard kubmetrə çatıb və bunun yarısı Avropa ölkələrinə yönəldilir. Slovakiyaya qaz tədarükünün başlaması və ümumilikdə 8 Avropa İttifaqı ölkəsinin Azərbaycan qazı ilə təmin olunması Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirir.

Deputat həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlığın sülh məqsədli olduğunu, yeni texnologiyaların yaradılması və sənaye inkişafının dəstəklənməsinə xidmət etdiyini vurğulayıb. Azərbaycan-Slovakiya texnologiyaları ilə maliyyə və sənaye imkanlarının birləşdirilməsinin yeni müdafiə sənayesi məhsullarının yaradılmasına və beynəlxalq bazarlara çıxışına imkan verəcəyini deyib.

Vasif Qafarov ölkənin nəqliyyat və logistika sahəsində Şərqlə Qərbi birləşdirən strateji körpü rolunu gücləndirdiyini, Orta Dəhlizin təhlükəsiz və etibarlı hissəsinin Azərbaycan ərazisindən keçdiyini və tranzit imkanlarının artırıldığını qeyd edib.

Deputat həmçinin Azərbaycanın rəqəmsal iqtisadiyyat və data mərkəzləri sahəsində perspektivlərinə diqqət çəkərək, bu sahədə Slovakiya ilə əməkdaşlığın gələcəyin iqtisadiyyatına yönəlmiş strateji addım olduğunu bildirib.

Vasif Qafarov Prezident İlham Əliyevin Slovakiya Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etməsini iki ölkə arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi niyyəti kimi qiymətləndirib. 

“Prezident İlham Əliyevin Slovakiyada səsləndirdiyi bəyanat Azərbaycanın uzunmüddətli, strateji və qlobal hədəflərə hesablanmış siyasətinin aydın təzahürüdür və ölkəmizin regionda sabitlik, inkişaf və tərəfdaşlığın əsas dayağı olduğunu bir daha sübut edir”, - deyə o, yekunlaşdırıb.

Afət ZİYADQIZI

Seçilən
34
50
operativmm.az

10Mənbələr