Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə keçdiyini göstərən mühüm tarixi hadisədir. Bu səfər enerji təhlükəsizliyi, müdafiə sənayesi, nəqliyyat-logistika və rəqəmsal transformasiya kimi strateji sahələrdə real əməkdaşlıq gündəmini ortaya qoyur. Həmçinin səfərin məzmunu, verilən mesajlar və əldə olunan razılaşmalar göstərir ki, Azərbaycan-Slovakiya münasibətləri sürətlə dərinləşir və qarşılıqlı maraqlar genişlənir. Bu, Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəridir və məhz bu fakt iki ölkə arasında münasibətlərin yüksələn templə inkişaf etdiyinin göstəricisidir. Bu səfər Bakının Avropa İttifaqının mərkəzində yeni tərəfdaş qazanması deməkdir. Həmçinin Azərbaycanın Mərkəzi-Şərqi Avropada mövqelərinin güclənməsi baxımından əhəmiyyətlidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova söyləyib.
Onun sözlərinə görə, ölkə prezidentlərinin bəyanatlarında ən çox vurğulanan istiqamət enerji əməkdaşlığıdır. Slovakiya uzun illər Rusiyadan qaz asılılığı ilə üzləşmiş ölkələrdən biri kimi enerji təchizatında diversifikasiyaya xüsusi önəm verir. Azərbaycan isə son illər Avropa üçün etibarlı qaz mənbəyinə çevrilib. 2023-2024-cü illərdə ilk dəfə Azərbaycan qazı Slovakiyaya çatdırılıb. Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac edir və 25 milyard kubmetrlik ixracın yarısı Avropaya yönəldilir. Yeni yataqların işlənməsi ilə Azərbaycanın ixrac potensialı daha da artacaq. Bu, Azərbaycanın təkcə enerji ölkəsi kimi deyil, Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaş kimi rolunu möhkəmləndirir. Slovakiya da bunu yüksək qiymətləndirir və bu sahəyə xüsusi əhəmiyyət verir.
“Səfərin diqqətçəkən məqamlarından biri müdafiə sənayesi sahəsində əməkdaşlıqdır. Prezident İlham Əliyev vurğuladı ki, məqsəd müharibə hazırlığı deyil, sənaye sinergiyası və texnoloji inkişafdır. Mümkün əməkdaşlıq modelləri Slovakiya texnologiyalarının Azərbaycan investisiya imkanları ilə birləşdirilməsi, birgə istehsalın yaradılması, üçüncü ölkələrə ixrac üçün ortaq məhsulların hazırlanmasıdır. Azərbaycanın Avrasiyanın nəqliyyat xəritəsində artan rolu Prezident İlham Əliyevin çıxışında geniş əksini tapır. Orta Dəhliz Çin, Mərkəzi Asiya və Avropanı birləşdirən ən mühüm ticarət yoludur və Azərbaycan bu marşrutun mərkəzində dayanır. Azərbaycan Şərq-Qərb nəqliyyat xəttinin əsas aparıcı qovşağına çevrilib, infrastruktura qoyulan investisiyalar gələcək imkanları daha da artıracaq. Slovakiyanın Mərkəzi Avropadakı tranzit rolu ilə Azərbaycanın coğrafi mövqeyi bir-birini tamamlayır. Bu sahədə əməkdaşlıq həm iqtisadi, həm də geosiyasi baxımdan böyük perspektivlər yaradır. Prezident İlham Əliyevin nitqində müasir iqtisadiyyatın əsas istiqamətlərindən biri olan rəqəmsal transformasiya xüsusi vurğulanır. Slovakiya şirkətləri ilə əməkdaşlıq bu sahədə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi istiqamətində mühüm addım ola bilər”, - deyə S.Mikayılova əlavə edib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Slovakiya Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etməsi, iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun davamlı olacağına işarədir.
“Beləliklə Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri həm simvolik, həm strateji, həm də praktiki baxımdan böyük əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycanı Avropada yeni tərəfdaşlarla yaxınlaşdırır, enerji və nəqliyyat sahələrində rolunu gücləndirir, eyni zamanda, müdafiə sənayesi və rəqəmsal iqtisadiyyat sahələrində yeni imkanlar açır. Slovakiya ilə münasibətlərin dərinləşməsi Azərbaycanın Mərkəzi Avropada nüfuzunu artırır və gələcək illərdə qarşılıqlı əməkdaşlıq üçün geniş yol açır”, - deyə Sevil Mikayılova diqqətə çatdırıb.