AZ

12 dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım Günü



Azərbaycan xalqı hər il 12 dekabr tarixində Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edir. Bu gün yalnız böyük bir dövlət xadiminin anım günü deyil, həm də onun Azərbaycan tarixində oynadığı müstəsna rolun yenidən dərindən dərk olunduğu, dövlətçilik düşüncəsinin mahiyyətinin bir daha xatırlandığı gündür. Şübhəsiz ki, müasir Azərbaycan dövlətinin memarı və xilaskarı olan Ümummilli Lider Heydər Əliyev XX və XXI əsrlərin kəsişməsində xalqına rəhbərlik edərək tariximizin taleyini dəyişən nadir şəxsiyyətlərdən biridir. XX əsrin sonlarında Azərbaycan ağır, bəlkə də ən həlledici sınaqlardan birini yaşayırdı. Sovet İttifaqının süqutu Azərbaycan üçün müstəqilliyə qovuşmaq şəraiti yaratsa da, bu müstəqilliyin qorunması üçün dövlət idarəçiliyi, siyasi iradə və liderlik keyfiyyətləri çatışmırdı. 1991–1993-cü illərin xaosu, hakimiyyət boşluğu, silahlı qarşıdurmalar, bölgələrdə separat meyillər və vətəndaş müharibəsi təhlükəsi Azərbaycan dövlətçiliyini tamamilə çökmə nöqtəsinə gətirmişdi. O vaxtkı siyasi rəhbərlik ölkəni idarə etmək iqtidarında deyildi, xalqın taleyini aydın görə bilmir, böhrandan çıxış yollarını tapa bilmirdi. Belə bir dövrdə Azərbaycanı yenidən uçurumdan xilas etmək üçün böyük siyasi təcrübəyə, dövlətçilik iradəsinə, strateji baxışa malik liderə ehtiyac yaranmışdı. Məhz buna görə xalqın təkidli çağırışı ilə Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi oldu, dövlətçiliyin məhv olmaq təhlükəsi aradan qaldırıldı. Ümummilli Lider Bakıya qayıdışı ilə ölkədə sabitliyin bərpası prosesi başladı. O, hakimiyyət davasının getdiyi bir vaxtda öz həyatını təhlükəyə ataraq Gəncəyə yollandı, qiyamın qarşısını aldı, vətəndaş müharibəsini dayandırdı. 15 iyun 1993-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin xalqın təkidilə dövlət idarəçiliyinə qayıtması Azərbaycanı məhv olmaqdan xilas edən tarixi addım kimi yaddaşlara həkk olundu. Silahlı dəstələr zərərsizləşdirildi, separatçı meyillər aradan qaldırıldı, Ermənistanla atəşkəsin elan edilməsi ilə ölkədə nisbi sabitlik yaradıldı. Bu sabitlik ölkənin gələcək inkişafının əsas şərti idi və məhz Heydər Əliyevin qətiyyətli siyasi iradəsi nəticəsində mümkün oldu. 1990-cı illərin ağır iqtisadi böhranı fonunda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın tənəzzülə uğramasının qarşısı alındı. Azərbaycanın bazar iqtisadiyyatına keçidi təmin olundu, mütərəqqi islahatlar aparıldı, özəlləşdirmə proqramı icra edildi, kənd təsərrüfatında islahatlar genişləndirildi və torpaq mülkiyyəti kəndlilərə verildi. Xarici sərmayənin cəlb edilməsi üçün möhkəm hüquqi baza yaradıldı və ölkə beynəlxalq iqtisadi məkanın etibarlı tərəfdaşına çevrildi. Bu dövrdə formalaşdırılan neft strategiyası Azərbaycanın gələcəyinin əsasını qoydu. Xammal ixrac edən Azərbaycan tədricən sənayeləşən və iqtisadi gücünü artıran ölkəyə çevrildi. Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin mühüm hissəsini hüquqi dövlət quruculuğu təşkil edirdi. Onun təşəbbüsü ilə hazırlanan və 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası dövlətçiliyimizin hüquqi təməlini möhkəmləndirdi. Konstitusiya hakimiyyət bölgüsü, insan hüquq və azadlıqlarının təmin olunması, demokratik prinsiplərə əsaslanan idarəetmə sisteminin formalaşması üçün mühüm mərhələ oldu. Həmin ildə keçirilən parlament seçkiləri müstəqilliyin hüquqi əsaslarının qurulmasına geniş imkan yaratdı. Ümummilli Lider Heydər Əliyev hüquq mühafizə orqanları qarşısında cinayətkarlığa, korrupsiyaya, terrorizmə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı barışmaz mübarizə aparılması tələbi qoydu. Dövlət institutlarının möhkəmlənməsi, qanunun aliliyinin təmin edilməsi Ümummilli Lider Heydər Əliyev siyasətinin əsas prioritetlərindən idi. Ümummilli Lider Heydər Əliyev həmçinin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində mühüm rol oynadı. Onun uzaqgörən siyasəti nəticəsində Ermənistanın işğalçı mövqeyi dünya ictimaiyyətinə çatdırıldı, ölkəmizin maraqları qlobal platformalarda müdafiə olundu. Azərbaycan beynəlxalq təşkilatların etibarlı və sözünə güvənilən tərəfdaşına çevrildi. Ümummilli Lider Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına həsr etmiş lider idi. O, yalnız ölkəni çökməkdən xilas etmədi, həm də gələcək nəsillərə müasir dövlətçilik modeli, strateji inkişaf yolu və möhkəm siyasi irs qoydu.

Onun ən böyük tarixi xidmətlərindən biri də dövlətçilik məktəbinin davamlılığını təmin edən layiqli varis yetişdirməsi oldu. 2003-cü ildə xalqın etimadı ilə Azərbaycan Prezidentliyinə seçilən İlham Əliyev Ümummilli Lider Heydər Əliyev yolunu qətiyyətlə davam etdirərək ölkəni daha güclü, daha nüfuzlu və daha firavan bir mərhələyə yüksəldib. Bu gün Azərbaycan regionun lider dövləti, beynəlxalq siyasətdə mühüm söz sahibidir. Sosial rifah, iqtisadi inkişaf, hərbi güc və dövlətçilik ənənələrinin möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyev irsinin uğurla davam etdirilməsinin nəticəsidir. 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım Günü təkcə böyük bir şəxsiyyətin xatirəsinə ehtiram deyil, həm də müasir Azərbaycan dövlətinin hansı zəngin irs üzərində formalaşdığını düşünmək günüdür. Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası, strateji uzaqgörənliyi, dövlətçilik prinsipləri və müstəqilliyə bağlılığı Azərbaycan xalqı üçün əbədi bir yol xəritəsidir. Bu gün güclü Azərbaycan dövləti onun qurduğu möhkəm təməllər üzərində yüksəlir və inkişaf edir.

Şahin Seyidzadə,
Milli Məclisin deputatı




Seçilən
29
aia.az

1Mənbələr