AZ

NƏHAYƏT: Hökumət onkoloji xəstələrlə bağlı ilk addımı atdı

Uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsinin 2027-ci ildən başlayaraq İcbari Tibbi Sığorta üzrə xidmətlər zərfinə daxil edilməsi məqsədilə layihə hazırlanır. 

Bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib. Baş nazirin sözlərinə görə, icbari tibbi sığorta çərçivəsində gələn ildən ürək-damar, 2028-ci ildən mədə-bağırsaq və 2029-cu ildən etibarən tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi üçün dərman vasitələrinin sığorta ödənişləri həyata keçiriləcək. Ə.Əsədov xatırladıb ki, əhalinin sağlamlığı, keyfiyyətli səhiyyə xidmətləri və dərman vasitələri üçün səhiyyə xərclərinə 2 milyard manatdan çox vəsait nəzərdə tutulur. 

“Cebheinfo.az” rəsmi statistikaya əsasən xəbər verir ki, Azərbaycanda 2024-cü ildə xərçəng xəstəliyi diaqnozu qoyulan uşaqların sayı 209 nəfər olub. Bu uşaqların 139-u 13 yaşadək, 70-i isə 14–17 yaş arasıdır. 2023-cü ildə 169 uşaqda onkoloji xəstəlik aşkarlanaraq qeydiyyata alınıb. Onkoloji xəstəlikdən əziyyət çəkən böyüklərin də sayı kifayət qədər yüksəkdir. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü il ərzində tibb müəssisələrində qeydiyyatda olan ümumi onkoloji xəstələrin sayı 73 875 nəfərə çatıb. Bu göstəricinin 45 777 nəfərini qadınlar, 28 098 nəfərini isə kişilər təşkil edir. 

Qeyd edək ki, 2023-cü ildə isə qeydiyyatda olan xərçəng xəstələrinin sayı 69 435 nəfər olub ki, onlardan 25 840 nəfəri kişi, 43 595 nəfəri isə qadın olub. Ən son açıqlanan rəsmi statistika göstərir ki, ölkəmizdə xərçəng xəstəliyindən əziyyət çəkən şəxslərin sayı kifayət qədər yüksəkdir və hər il bu rəqəmlər artır. 

Hər il yeni diaqnoz qoyulan uşaqlar, yeniyetmələr və böyüklərin sayı artdıqca, cəmiyyətdə ciddi narahatlıq yaranır. Uşaqlar və yeniyetmələr üçün onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta çərçivəsinə daxil edilməsi çox vacib və uzun müddətdir gözlənilən addımdır. Çünki xərçəng diaqnozu qoyulan uşaqların sayı hər il artmaqda davam edir və bu mübarizə yalnız müalicədən ibarət deyil, həm də ailələrin maliyyə vəziyyətinə ciddi şəkildə təsir göstərir. 

Bahalı dərmanlar, ağır müalicə prosesi ailələr üçün böyük yük yaradır və bəzən valideynləri çətin qərarlar verməyə məcbur edir. Lakin bu dəstəyin yalnız uşaqlar və yeniyetmələr üçün yox, bütün yaş qrupları üzrə genişləndirilməsi vacibdir. Yetkin xərçəng xəstələrinin sayı da hər il artır və çox hallarda maliyyə maneələri səbəbindən vaxtında müalicə mümkün olmur. Ona görə də bu dəstəyin əhatə dairəsi genişləndirilməlidir. 

Seçilən
29
cebheinfo.az

1Mənbələr