AZ

ADU-nun Konfutsi İnstitutunda Çinə dair mədəni-tarixi seminar keçirilib

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Çin ədəbiyyatı və incəsənətində 1937-1938-ci illərin faciəli hadisələri” adlı mədəni-tarixi seminar keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbir Nankin faciəsi qurbanlarının Milli Anım Gününə həsr olunub.

Seminarı açan ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, Çin-Yaponiya müharibəsinin Nankin şəhərində baş verən faciəli epizodları Çin ədəbiyyatında geniş əksini tapıb. Bu əsərlərdə əsas mövzuları yapon təcavüzünə müqavimət, antifaşist təbliğatı və milli ruhun gücləndirilməsi təşkil edir.

İştirakçılar tarixçi-jurnalist İris Çanqın “Nankin qırğını” sənədli kitabını, yazıçı Yan Gelinqin “Cinqlinqin 13 qızı” povestini və Qi Şouhuanın “Bənövşəyi dağ: Nankin hücum hekayəsi” romanını müzakirə edərək həmin faciəli hadisələrin insan talelərinə təsirinin bədii təqdimatını təhlil ediblər.

Eyni zamanda, Çin realist rəssamlarının əsərlərinin bədii xüsusiyyətləri nəzərdən keçirilib. Çen Mianın “Hər yerdə qan” adlı qravüra seriyası, Li Zicianın “Nankin qırğını” tablosu, sağ qalanların portretlərindən ibarət silsilə, eləcə də Nankin rəssamı Çjan Yubiaonun “Sülh üçün dua - Nankin qırğınından sağ çıxanların ruhlarının işığı” və “Yapon müharibə cinayətkarları üçün Nankin tribunalı” əsərləri xüsusi olaraq müzakirə edilib.

Seminar çərçivəsində iştirakçılar Nankin Qırğını Memorial Muzeyinə virtual tur ediblər. Tur zamanı UNESCO-nun “Dünya Xatirəsi” Siyahısına daxil edilmiş tarixi sənədlər sərgi zalı, faciə qurbanlarının adlarının həkk olunduğu Xatirə divarı, sağ qalanların müsahibələrinin toplandığı interaktiv zal və müharibənin təsvir olunduğu beynəlxalq təhlükəsizlik zonasının tarix zalı təqdim edilib. Tələbələr, həmçinin günahsız qurbanların xatirəsinə virtual şəkildə şam yandıraraq güllər təqdim ediblər.

Seminarda, həmçinin Lu Çuanın “Həyat və ölüm şəhəri” və Çjan Yimounun “Müharibənin çiçəkləri” filmlərindən, Nankin qırğını və Çin-Yaponiya müharibəsinin dəhşətli sınaqlarını əks etdirən ekran əsərlərindən fraqmentlər nümayiş etdirilib.

Seçilən
54
azertag.az

1Mənbələr