AZ

Qazaxıstan və İran Xəzər dənizində liman infrastrukturunun inkişafını müzakirə ediblər

Astana, 11 dekabr, AZƏRTAC

Qazaxıstan İrana ən azı 200 milyon dollar dəyərində mal tədarük etməyə hazırdır.

AZƏRTAC “Akorda”nın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada İran Prezidenti Məsud Pezeşkianla hər iki ölkənin nümayəndə heyətlərinin iştirak etdiyi geniş tərkibdə görüşdə bildirib.

“Qarşılıqlı mal dövriyyəsinin həcmi hər il artır, lakin biz ticarətin şaxələndirilməsinə xüsusi diqqət yetirməliyik. Xüsusilə kənd təsərrüfatı, nəqliyyat və logistika, dağ-mədən sənayesi, tibb və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığı gücləndirməliyik. Əminəm ki, bu gün imzalanan sənədlər siyasi və iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün güclü təkan olacaq”, - deyə Kasım-Jomart Tokayev qeyd edib.

O, həmçinin Tehranda Qazaxıstan Ticarət Evinin təsis edilməsi təşəbbüsünü dəstəkləyərək, Biznes Şurasının fəaliyyətinin intensivləşdirilməsinin və Qazaxıstan-İran Ticarət və Sənaye Palatasının potensialından maksimum dərəcədə səmərəli istifadənin əhəmiyyətini vurğulayıb.

Tərəflər Şimal-Cənub nəqliyyat dəhlizinin və Qazaxıstan-Türkmənistan-İran dəmir yolu marşrutunun potensialının daha da gücləndirilməsində qarşılıqlı maraqların olduğunu təsdiqləyiblər. Bu ilin ilk 10 ayında bu istiqamətlər üzrə daşımaların həcmi ötən illə müqayisədə 53% artmışdır.

Prezidentlər Xəzər dənizində liman infrastrukturunun birgə inkişafı da daxil olmaqla, regionlararası əlaqələri gücləndirmək üçün nəqliyyat və tranzit marşrutlarının daha da şaxələndirilməsi perspektivlərini müzakirə ediblər.

Bundan əlavə, danışıqlarda kənd təsərrüfatı, enerji, dağ-mədən sənayesi, eləcə də rəqəmsallaşdırma və süni intellekt sahələrində birgə layihələrin perspektivlərinə də toxunulub.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
39
1
azertag.az

2Mənbələr