AZ

Tramp Ukraynaya son sülh təklifində hansı “ərazi mübadiləsindən” danışıb?...


Samir Hümbətov: “Söhbət Ukraynanın Rusiya tərəfindən işğal edilmiş ərazilərinin indi bazarlıq predmeti kimi ortaya qoyulmasından gedir”

ABŞ Prezidenti Donald Trampın Ukraynaya sülh təklifləri açıqlanıb. Baki-xeber.com-un məlumatına görə, Trampın “sərt danışıqlar taktikasına" baxmayaraq, yayılan son xəbərlər Ukraynadakı münaqişəyə son qoyacaq sülh sazişinin imzalanmasının "yaxın" olduğunu göstərir.

Bir Ukrayna rəsmisinin sözlərinə görə, danışıqlar paketi üç əsas sənəddən ibarətdir: sülh müqaviləsi, təhlükəsizlik zəmanətləri və ölkənin yenidən qurulması üçün iqtisadi plan.

“ABŞ-ın Ukraynanı məcbur etdiyi “ərazi mübadiləsi...”

Sözügedən sənəddə "Ərazi mübadiləsi" ilə bağlı bənd də var. Lakin Vaşinqton və Kiyev arasında sərhəd xətlərinin necə müəyyən ediləcəyi ilə bağlı fikir ayrılıqları hələ də mövcuddur.

"Ukrayna sülh planında" “ərazi mübadiləsi" deyilən məsələ də yer alıb. Ukrayna Rusiya ilə hansı əraziləri dəyişə bilər? Söhbət hansı ərazilərdən gedə bilər, yaxud gedir?

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Bakı-Xəbər”ə bildirdi ki, “ərazi mübadiləsi” məsələsi birbaşa Ukraynanın işğal olunmuş əraziləri ilə bağlıdır: “Söhbət Rusiyanın hansısa bir ərazisindən getmir, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərindən gedir. Rusiya Ukrayna ərazilərini işğal edib, indi işğal etdiyi əraziləri Ukrayna ilə bazarlığa çıxarmağa çalışır. Əslində, ABŞ-ın Ukraynanı məcbur etdiyi “ərazi mübadiləsi” ordan qaynaqlanır. Yəni açıqcası, elə bir vəziyyət yaranıb, Donbasın 3-də 2-si Rusiyanın əlindədir. İndi Rusiya tələb edir ki, Ukrayna Donbası tamamilə ona versin, o ərazini rəsmi olaraq Rusiyanın “ərazisi” kimi tanısın”.

S.Hümbətovun sözlərinə görə, Rusiya eyni zamanda Ukraynadan Krımı da onun ərazisi kimi rəsmən tanımağı tələb edir.

“Tələb edilir ki, Zaporojye Atom Elektrik Stansiyasına nəzarət ABŞ-a verilməlidir. Burada Ukraynanın işğal olunmuş ərazilərini də danışıqlar predmetinə çevirib sonra Ukraynaya qaytarmaq məsələsi ola bilər. Bu da onların irəli sürdüyü şərtlərin yerinə yetirilməsindən sonra baş verə bilər. Şərt qoyulur ki, Ukrayna rəsmi şəkildə NATO-ya üzv olmaqdan imtina etməlidir və bəzi güzəştlərə getməlidir. Amma Avropa İttifaqına üzv olmasına icazə verirlər. Ola bilsin, Ukraynanı 2027-ci ildə Avropa Birliyinə (AB) daxil etsinlər.

Burada söhbət Rusiyanın hər hansı bir ərazisinin mübadiləsindən getmir, söhbət Ukraynanın Rusiya tərəfindən işğal edilmiş ərazilərinin indi bazarlıq predmeti kimi ortaya qoyulmasından gedir”-deyə S.Hümbətov bildirdi.

İradə SARIYEVA

Seçilən
12
baki-xeber.com

1Mənbələr