AZ

Ermənistan XİN Azərbaycana cavab verdi - "bu danışıqlar hələ iyunda yekunlaşıb"...


İlyas Hüseynov: “Bununla Ermənistan XİN baş verən prosesləri...”

Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqı və Ermənistan arasında imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədinə dair şərhində qeyd olunurdu ki, 2 dekabr 2025-ci il tarixində Brüssel şəhərində keçirilmiş Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəddə post-münaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsi ciddi narahatlıq doğurur.

Azərbaycan XİN-in verdiyi şərhlə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan Aysor.am saytına verdiyi müsahibədə bildirib ki, Ermənistan-AB tərəfdaşlığının strateji gündəliyi iyun ayında danışıqları əsasən başa çatmış, gələcək üçün ortaq baxışımızı da əhatə edir və bu, regionda sabitliyin, rifahın və sülhün möhkəmləndirilməsinə dair birgə öhdəliyimizi əks etdirir.

“Qeyd etmək lazımdır ki, həmin gün keçirilən Ermənistan-AB Tərəfdaşlıq Şurasının iclasından sonra qəbul edilmiş birgə bəyanatda, əvvəllər ifadə edilmiş dəstəyi ilə yanaşı, AB bu ilin avqust ayında Vaşinqtonda keçirilən Ermənistan-Azərbaycan Sülh Sammitində əldə edilən tarixi mərhələni, o cümlədən Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Sülhün Qurulması və Dövlətlərarası Münasibətlər haqqında Sazişin paraflanmasını alqışlayıb. AB Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsinə və institutlaşdırılmasına qəti dəstəyini bir daha təsdiqləyib", - deyə Badalyan qeyd edib.

“Ayrı-ayrı güc mərkəzləri ilə əməkdaşlığı çərçivəsində yaranan imkanları Azərbaycana qarşı istifadə etməməlidir”

A.Badalyanın cavabına şərh verən siyasi ekspert İlyas Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan XİN-in Ermənistan və AB arasında imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədini sərt tənqid etməsi Ermənistan tərəfindən cavablandırılıb: “Ermənistan tərəfi iddia edir ki, danışıqlar nəticəsində imzalanmış sənəddir və regionda sabitliyin, rufahın, eləcə də sülhün möhkəmləndirilməsinə dair birgə öhdəliyi əks etdirir. Hesab edirəm ki, bununla Ermənistan XİN baş verən prosesləri ölkəsi daxilində seçki və ondan dolayı yaranan məsələlərə yönəltmək niyyətindədir. İzah etməyə çalışırlar ki, burada sülh əlehyinə fəaliyyət yoxdur. Çalışırlar ki, Ermənistanda daxili sabitliyi möhkəmləndirmək və erməni xalqının Avropaya meyilli olmasını hansısa yeni-yeni sənədlərlə möhkəmləndirsinlər. Aydındır ki, burada Azərbaycana toxunan məqamlar da var”.

H.Hüseynovun sözlərinə görə, həm AB-ın Ermənistanda mülki missiyasının müddətinin uzadılması, həm Ermənistan-AB hərbi əməkdaşlığı və yeni hərbi akademiyanın istifadəyə verilməsi, eyni zamanda imzalanan sənəddə TRİPP marşrutuna bir dəfə də olsun istinad edilməməsi çox ciddi məsələlərdir. “Hesab edirəm ki, burada Azərbaycan və Ermənistan arasında ümumi razılıq əsasında əldə olunan yanaşmalara da zidd davranışlar var.

Çox pozitiv məsələlər öz həllini tapır. Hətta Azərbaycan neftinin Gürcüstan vasitəsilə Ermənistana çatdırılması böyük hadisədir. Cənab Prezidentin köməkçisi Hikmət Hacıyev Dohada sülh istiqamətində çox mühüm tezislər səsləndirdi. Münaqişənin artıq bitməsi və hər iki dövlətin birbaşa dialoq vasitəsilə gələcəyə dair ümumi perspektivləri müəyyənləşdirməsi haqqında fikirlər, düşünürəm ki, çox əhəmiyyətlidir. Lakin Ermənistan yaranan bu sülh fürsətlərini də qaçırmamalı və ayrı-ayrı güc mərkəzləri ilə əməkdaşlığı çərçivəsində yaranan imkanları Azərbaycana qarşı istifadə etməməlidir”-deyə İ.Hüseynov bildirdi.

İradə SARIYEVA

Seçilən
16
baki-xeber.com

1Mənbələr