AZ

İspaniyanın iqtidar partiyası ilə bağlı növbəti qalmaqal - "Vəzifəli kişilərin təcavüz iddialarını gizlədilir"

BAKI, 12 dekabr. TELEQRAF

Korrupsiya qalmaqalları və siyasi geriləmələrlə sarsılan İspaniya Sosialist İşçi Partiyası (PSOE) bu dəfə də partiya daxilində yüksək vəzifəli şəxslərə qarşı irəli sürülən cinsi qısnama və təcavüz iddiaları səbəbilə tənqid hədəfinə çevrilib.

Teleqraf xəbər verir ki, qalmaqalın kökü iyul ayına dayanır.

"The Guardian" yazır ki, baş nazir Pedro Sançesin administrasiyasında aparat işinə rəhbərlik edən Fransisko Salazar haqqında bir neçə qadın partiya üzvü tərəfindən şikayət verilsə də, PSOE rəhbərliyi həmin daxili müraciətləri beş ay ərzində araşdırmamış və kompüter sistemi xətasını səbəb göstərib. Salazar iddiaları xatırlamadığını bildirib.

Ötən həftə sonu Sançes, Salazarın köməkçisi Antonio Ernandesi hadisəni ört-basdır etməkdə şübhəli bilinərək vəzifədən azad edib. Ernandes ittihamları rədd edib.

Çərşənbə günü isə Luqo vilayətində PSOE-nin yüksək vəzifəli siyasətçisi Xose Tome bir neçə qadının iddialarından sonra istefa verib. O, bunun qurama olduğunu iddia edib.

PSOE-nin feminist imici yayda da zədələnmişdi. Həmin vaxt keçmiş nəqliyyat naziri Xose Luis Abalos və köməkçisi Koldo Qarsiyanın fahişələrlə bağlı uyğun olmayan söhbətlərinin səs yazıları ortaya çıxmışdı. Polis analizi səs yazılarının manipulyasiya edilmədiyini göstərib.

Partiyanın üç aparıcı qadın siyasətçisi “El País” qəzetində çıxış edərək real və təsirli bərabərliyi təmin edəcək dərin islahatlar tələb edib. Adriana Lastra isə Salazar işi ilə bağlı bütün materialların prokurorluğa verilməsini istəyib.

Baş nazir Sançes cinsi qısnama iddialarının araşdırılmasındakı nöqsanlara görə şəxsi məsuliyyət daşıdığını bildirib və zərərçəkmiş qadınlara dəstək verəcəyini deyib.

Müxalifət isə baş verənləri hökumətin ikiüzlülüyü və korrupsiyasının göstəricisi adlandırıb. Xalq Partiyasının lideri Alberto Feyo parlamentdə Sançesi sərt tənqid edərək deyib: “İnsanlar artıq görür ki, zorakılıqla günahlandırılanla zərərçəkən arasında seçim edəndə siz zorakını seçirsiniz.”

VOX lideri Santyaqo Abaskal isə Sançesi “Netflix"dən çox ssenari uydurmaqda ittiham edib.

Eyni zamanda, ötən il cinsi təcavüzdə ittiham olunan Xalq Partiyasının senatoru və Alxesiras meri Xose İqnasio Landaluse barəsində PSOE tərəfindən cinayət işi qaldırıldıqdan sonra partiya rəhbərliyindən müvəqqəti kənarlaşdığını açıqlayıb. O, ittihamları tamamilə əsassız adlandırıb və mer kimi fəaliyyətini davam etdirəcəyini deyib.

Seçilən
25
teleqraf.com

1Mənbələr