AZ

Restoran üçün tarixdən imtina edək?

Hər dəfə Bakıya səfər edəndə İçərişəhərdə yerləşən bu abidənin fotosunu çəkirdim. Açığı, onun müəllifinin kim olduğunu bilmirdim. İllər keçəndən sonra Parisdə Əsmər xanımla tanış oldum. O, hazırda Fransanın paytaxtında təşkil etdiyimiz həftəsonu Natəvan məktəbində rəsm müəllimi kimi fəaliyyət göstərir. Məhz onunla ünsiyyətdən sonra öyrəndim ki, bu əsərin müəllifi onun anası – Elmira xanımdır. Elmira xanımın bir tərəfi Qazaxdandır. Yəqin ki, məni bu heykələ daim çəkən səbəblərdən biri də elə budur.

İndi isə bu heykəlin yerinin dəyişdirilməli olduğunu deyənləri görəndə heyrətlənirəm. Elə bil, bütün problemlər həll olunub, yeganə problem Zərdabinin heykəlinin restoranın yanında yerləşməsidir.

Birincisi, həmin restoran xeyli illər sonra yaradılıb. Ondan əvvəl bu binada Azərbaycan Sovet Ensiklopediyası yerləşirdi və bu qurumun rəhbəri indiki Yazıçılar İttifaqının sədri Anarın atası olub. Ondan da əvvəl mövcud olan gözəl tarixi binanın sökülməsi və İçərişəhərdə tamamilə yad ünsür kimi görünən yeni bir binanın tikilməsi məsələlərini hələ bir kənara qoyuram. Amma onu demək lazımdır ki, həmin bina İçərişəhərin memarlığına heç uyğun gəlmir və bu binanı tikənlər də bunu o vaxt çox yaxşı bilirdilər.

Buna baxmayaraq, əvvəlki binanı “uf” demədən dağıdıblar. Həmin binaya heç olmasa bir az dərinlik və məna verən isə elə Zərdabinin heykəlidir.

İkincisi, demirəm ki, restoran pis yerdir. Bakının elə bir küçəsi, elə bir tarixi məkanı yoxdur ki, orada restoran və ya kafe olmasın. Hətta Qədim Qala divarlarına bitişdirilmiş restoranların yerinin dəyişdirilməsi nədənsə heç kimin, o cümlədən Zərdabinin heykəlinin yerinin dəyişdirilməsini təklif edənlərin də ağlına gəlmir. Bəlkə Qala divarlarının yerini dəyişsinlər ki, restoranlar daha rahat fəaliyyət göstərsin?

Üçüncüsü, əgər restoran sonradan fəaliyyətə başlayıbsa, Zərdabinin heykəlinin bunda nə günahı var? Bəlkə restoranın orada açılmasına icazə verənlərdən kimsə sorğu-sual edilsin? Əgər restoranla Zərdabinin abidəsinin yanaşı yerləşməsi düzgün sayılmırsa, bəlkə restoranın yerinin dəyişdirilməsi daha məntiqli olar?

Və sonda…

Vaxtilə Ensiklopediyanın binası layihələndirilərkən Zərdabinin heykəlinin məhz orada yerləşməsi memarlıq baxımından bütöv bir kompleks kimi nəzərdə tutulmuşdu. Çünki Azərbaycanda ondan böyük maarifçini təsəvvür etmək çətindir. Bu yerin seçilməsi, dediyim kimi, təsadüfi deyildi. Heykəli götürüb başqa yerə aparmaq, yerini dəyişmək bəlkə də restoran üçün daha xoş olar. Amma burada bir sual yaranır: bizim üçün öz mədəniyyətimiz, öz tariximiz daha üstündür, yoxsa kimlərinsə mədəniyyəti bir kənara qoyub pul qazanması? Kimdən? Əsasən turistlərdən. O turistlərdən ki, Bakıya, İçərişəhərə məhz tarixlə maraqlandıqları üçün gəlirlər. Yemək hər yerdə var. Kafe və restoranı hər yerdə tikmək mümkündür. Amma heykəl hər gün və hər kəs üçün qoyulmur.

Mən neçə illərdir Fransada ermənilərin gördüyü işləri izləyirəm – düşməni tanımaq lazımdır. Onların öz mədəniyyətlərinə, musiqiçilərinə göstərdikləri hörmət və qayğı məndə bəzən həsəd hissi yaradır.

Bəs biz?

Biz isə öz vətənimizdə öz tariximizlə, öz mədəniyyətimizlə, öz irsimizlə mübarizə aparırıq.

Lap Sabirin dediyi kimi: Millət necə tarac olur-olsun, nə işim var…

Aytən Muradova
Fransa


Xəbər 3 dəfə oxunub.
Seçilən
82
xezernews.az

1Mənbələr