AZ

Yuxusuzluğa səbəb olan pəhriz səhvi aşkarlanıb

Corc Meyson Universiteti və Men Sağlamlıq Tədqiqat İnstitutunun alimləri zülal çatışmazlığı və pəhrizdə karbohidratların həddindən artıq çox olmasının qan şəkərinin səviyyəsindən asılı olmayaraq yuxu keyfiyyətinə mənfi təsir göstərdiyi qənaətinə gəliblər.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri “Frontiers in Nutrition” elmi jurnalında dərc olunub.

Araşdırmada 66 min 148 yetkin kişi və qadın iştirak edib. Alimlər 2007–2020-ci illər ərzində iştirakçıların yuxu keyfiyyətini izləyərək bu göstəriciləri onların qidalanma vərdişləri və qan şəkəri səviyyəsi ilə müqayisə ediblər.

Nəticələr göstərib ki, şəkərli diabet və prediabeti olan şəxslər yuxusuzluq və müxtəlif yuxu pozğunluqlarından daha tez-tez əziyyət çəkirlər. Eyni zamanda, qan şəkərinin səviyyəsi yüksəldikdə yuxu müddətinin normadan kənara çıxdığı müəyyən edilib.

Araşdırmaya görə, az zülallı və yüksək yağlı pəhriz yuxu üçün ən əlverişsiz qidalanma forması hesab olunur. Bu cür pəhriz ardıcıl şəkildə zəif yuxu keyfiyyəti ilə əlaqələndirilib. Digər tərəfdən, aşağı karbohidratlı və nisbətən yüksək yağlı pəhriz həm karbohidrat mübadiləsi pozulmuş şəxslərdə, həm də diabeti olmayan iştirakçılarda təhlükəli dərəcədə qısa yuxu riskini azaldıb.

Alimlər üçün gözlənilməz nəticələrdən biri isə pəhriz və qlükoza səviyyəsinə həddindən artıq sərt nəzarətin də pis yuxu keyfiyyəti ilə əlaqəli olmasıdır.

Mütəxəssislər vurğulayırlar ki, sağlam yuxu təkcə gündəlik rejim və yuxu gigiyenasından asılı deyil. Qidalanma vərdişləri və qlükoza nəzarəti də bu prosesdə mühüm rol oynayır və universal pəhriz tövsiyələri hər kəs üçün eyni dərəcədə effektiv olmaya bilər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
155
18
editor.az

10Mənbələr