AZ

ABŞ öz qoşunlarını Ukraynada yerləşdirməyəcək

Trampın sülh planına əsasən, Vaşinqton təhlükəsizlik zəmanətləri versə də, birbaşa hərbi iştirakdan kənarda qalacaq...

ABŞ Ukrayna ərazisində öz hərbi kontingentini yerləşdirməyi planlaşdırmır.

Poliqon xəbər verir ki, bu barədə The Guardian nəşri amerikalı rəsmi mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, mümkün sülh sazişi çərçivəsində Vaşinqton Kiyevə təhlükəsizlik zəmanətləri təqdim etməyə hazırdır, lakin bu zəmanətlər ABŞ qoşunlarının Ukraynaya göndərilməsini nəzərdə tutmur.

Nəşrin məlumatına görə, dekabrın 15-də Berlində keçirilən danışıqlar zamanı Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderləri ABŞ administrasiyasının Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərini müsbət qarşılayıblar. Bununla belə, amerikalı rəsmilər bu paketə hansı konkret tədbirlərin daxil ediləcəyi və sülh razılaşmasından sonra Rusiya hərbi əməliyyatları bərpa edərsə, Ukraynanın təhlükəsizliyini kimin təmin edəcəyi barədə detalları açıqlamaqdan imtina ediblər. Eyni zamanda, onlar ABŞ-nin saziş çərçivəsində Ukrayna ərazisində qoşun yerləşdirməyəcəyini təsdiqləyiblər.

Bu fonda Avropa liderləri artıq Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin olunması məqsədilə “çoxmillətli qüvvələr” yaratmağa hazır olduqlarını bəyan ediblər. Həmin qüvvələrin Avropanın rəhbərliyi altında formalaşdırılacağı, ABŞ-nin isə siyasi və texniki dəstək göstərəcəyi qeyd olunur. Gözlənilir ki, bu kontingent Ukraynaya ordunun bərpasında yardım edəcək, hava məkanına nəzarəti, dəniz təhlükəsizliyini təmin edəcək və zərurət yarandıqda ölkə ərazisində əməliyyatlar həyata keçirəcək.

Dekabrın 16-da Böyük Britaniyanın baş naziri Kir Starmer də açıqlama verərək bildirib ki, “istəkli ölkələr koalisiyası” atəşkəs əldə olunacağı təqdirdə Ukraynada qoşun yerləşdirilməsi ilə bağlı planlar hazırlayıb. Onun sözlərinə görə, bu planlar Avropa təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlib.

Xatırladaq ki, dekabrın 14–15-də Berlində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqlar keçirilib. Danışıqların əsas nəticəsi Ukrayna üçün NATO-nun beşinci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri üzərində razılaşmanın əldə olunması olub.

Berlin danışıqlarından sonra Avropa liderləri Ukrayna üçün təhlükəsizlik zəmanətlərini əks etdirən birgə bəyanat yayıblar. Bəyanatda Ukrayna ordusunun sayının 800 min nəfər səviyyəsində saxlanılmasının vacibliyi, ölkənin Avropa İttifaqına qəbulunun zəruriliyi, həmçinin atəşkəsə nəzarət və onun yoxlanılması üçün ABŞ rəhbərliyi altında beynəlxalq mexanizmin işə salınması qeyd olunub. Bununla yanaşı, ən ciddi həll olunmamış məsələ Ukrayna Silahlı Qüvvələrinin Donbas ərazisindən çıxarılması olaraq qalır.

Poliqon.info

Seçilən
120
50
poliqon.info

10Mənbələr