AZ

"Ödənişsiz məzuniyyət ailə büdcəsinə əlavə təzyiq yaradır" - Komitə sədri

"Zaman dəyişir və biz dövrün çağırışlarına adekvat yanaşmalıyıq. Əmək münasibətlərində çevik və sosialyönümlü hüquqi normaların yaranması artıq bir zərurət idi. Məqsəd nədir? İnsanlar üçün layiqli əmək şəraiti yaradılsın, onlar heç bir halda ayrı-seçkiliyə məruz qalmasın, əmək hüquqları pozulmasın, bütün vəziyyətlərdə özünü inkişaf etdirə bilsin, vətəndaşın iş və ya ailə həyatı balanslı şəkildə davam etsin".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Hicran Hüseynova parlamentdə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanuna dəyişkiliklər layihəsinin müzakirəsi zamanı dedi.

Onun sözlərinə görə, milli qanunvericilikdə uşağın dünyaya gəlməsi ilə bağlı atalara 14 təqvim günü müddətində ödənişsiz məzuniyyət hüququ verilir:

"Lakin biz görürük ki, təcrübədə heç bir ata bu hüquqdan istifadə etmir. Çünki ödənişsiz məzuniyyət ailə büdcəsinə əlavə təzyiq yaradır. Ata yalnız ailənin, uşağın maddi ehtiyaclarını deyil, həm də mənəvi, psixoloji, sosial, mədəni ehtiyaclarını qarşılamalıdır. Təcrübə göstərir ki, belə bir məzuniyyətin tətbiqi və ataların uşağın qayğısına, təlim-tərbiyəsində iştirakı həm ailədaxili münasibətlərə, həm də uşağın şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir".

H.Hüseynova qeyd etdi ki, analıq müdafiəsinin gücləndirilməsi, hamilə qadınların analıq məzuniyyətinin yenidən hesablanması ilə bağlı əlavə və dəyişikliklər də müsbət bir haldır:

"Ailə məsuliyyətinin, ailə vəzifələrinin ədalətli bölüşdürülməsi, əlbəttə ki, bu həm də qadınların, həm də kişilərin potensialının tam istifadə etməsi üçün maneələrin aradan qaldırılması deməkdir".

Aminə ŞAHSUVARQIZI

Seçilən
113
3
redaktor.az

4Mənbələr