
"Bir vaxtlar insanın özünə və ən yaxın çevrəsinə aid olan anlar bu gün ictimai baxışların mərkəzinə daşınıb. Sanki həyat artıq yaşamaq üçün deyil, gündəlik baş verənləri nümayiş etdirmək üçün mövcuddur. Sosial media isə sadəcə bir platforma yox, fərdlərin daimi rol ifa etdiyi, səhnədən düşməyə fürsət tapmadığı böyük bir sosial laboratoriyaya çevrilib. Bu laboratoriyada “mən kiməm?” sualı getdikcə “başqalarına necə görünürəm?” sualı ilə əvəzlənir. Məhz bu nöqtədən sonra fərdi məkan, kimlik və münasibətlər anlayışı köklü şəkildə dəyişməyə başlayır".
Bu fikirləri sosioloq Yusif Nəbiyev Missiya.Az-a açıqlamasında deyib.
"Sosial mediada həyatın hər anının paylaşılması, əslində, fərdi məkan anlayışının tədricən ictimailəşməsi deməkdir. İnsanlar sosial mühitdə daima hansısa rolları ifa edirlər, hansısa kimliklərə bürünürlər. Sosial media isə bu "səhnəni" sanki günün 24 saatı açıq saxlayır. Nəticədə fərdi və ictimai sərhədlər bulanıqlaşır. Əvvəllər ailə daxilində qalan anlar indi “story” şəklində vitrinə çıxarılır. Uzun vədədə bu, cəmiyyətin gizlilik kimi dəyərlərini yenidən konfiqurasiya etməsinə səbəb olur. Daha açıq desək, bu dəyərləri dəyərsizləşdirir, gücdən salır",-sosioloq bildirib.
Yusif Nəbiyevin sözlərinə görə, rəqəmsal vitrinə çevrilmiş həyat real münasibətləri tam öldürməsə də, onları ciddi şəkildə formatlayır. Yeni, amma əcaib bir formaya salır. İnsanlar münasibət qururlar, lakin eyni sürətlə də bu münasibətləri tərk edirlər. Bağlanmaq əvəzinə izləyirlər, "follow edirlər". Həqiqətən dinləmək əvəzinə reaksiya verirlər.
"Mütəmadi olaraq paylaşım ehtiyacının duyulması isə “görünmürəmsə, deməli yoxam” psixologiyasını yaradır. Eynən Charles Cooley-in “güzgü mənlik” anlayışında təsvir etdiyi kimi: fərd özünü başqalarının reaksiyası üzərindən qiymətləndirir. Başqalarının gözündən baxır özünə. Buna görədir ki, bəyənmə, paylaşım və baxış sayı sosial təsdiqin ölçü vahidinə çevrilib. İnsanlar yetərində "like" gətirən şeylərə nə olmasından asılı olmayaraq "yaxşı şey" kimi baxmağa başlayıb. Bu çox təhlükəli bir tendensiyadır. Xüsusilə gənclər üçün bu, öz dəyərini daxildən gözləmək əvəzinə, alqoritmlərin "mərhəmətinə", "ümidinə" qalmaq deməkdir ki, bunun da qaçılmaz məntiqi nəticələri var: daimi narahatlıq, daimi müqayisə və süni özünü təqdimetmə. Hansı ki, artıq açıq şəkildə gənclərimizdə müşahidə olunur",-Y.Nəbiyev əlavə edib.
İlahə Qənbərli
Missiya.Az