AZ

Əmrah Həsənli: “Bizdə illərlə elmi adlar fəaliyyətin nəticəsi kimi yox, sosial status kimi qəbul olunub”

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Alim" adını yalançı alimlərdən qorumaq lazımdır". APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı”nda çıxışı zamanı bildirib. Nazir bildirib ki, elm adamlarının hamısı kimin necə alim olduğunu bilir: “Bunu açıq şəkildə deməliyik. Alimlərin bir-birinə münasibəti dürüst deyil, bu öz nüfuzlarını da qorumağa imkan vermir. Alim adını yalançı alimlərdən qorumaq lazımdır. Layiq olmayan insanlara layiq olmadığı adları verməyin sonu yaxşı deyil. Son illər işlər görülür, amma inzibati qaydada tənzimləmək çətindir”. Nazir vurğulayıb ki, xaricdə məqaləsi olmayan özünə alim deməyə utanmalıdır: "Son beş ildə məqaləsi olmayan alim utanmalıdır. Məqaləsi olmayan, istinadı olmayan adamın özünə alim deməsi ayıbdır".Alim adına layiq olmayan şəxslərin elmi mühitə daxil olmasının qarşısını almaq üçün hansı mexanizmlər tətbiq olunmalıdır?Akademik fəaliyyətin keyfiyyətinə nəzarət necə gücləndirilə bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, bu yanaşma elmi inkişafdan çox, formal görüntü yaradır: “Bu mövzu əslində elmi cameənin illərdir içində yaşadığı, amma açıq deməyə çəkindiyi bir problemdir. Elm sahəsində adla məzmun arasındakı uçurum getdikcə dərinləşib. Özünü alim kimi təqdim edən, lakin uzun müddətdir real elmi fəaliyyəti olmayan şəxslər tək-tək deyil, sistemli problemin nəticəsidir.

Bizdə illərlə elmi adlar fəaliyyətin nəticəsi kimi yox, sosial status kimi qəbul olunub. Bir dəfə dissertasiya müdafiə edən, sonra isə illərlə nə tədqiqat aparan, nə məqalə dərc etdirən, nə də elmi müzakirələrdə iştirak edən insanlar hələ də elmi mühitdə “alim” kimi qalırlar. Bu yanaşma elmi inkişafdan çox, formal görüntü yaradır və elmin nüfuzunu zəiflədir.

Bu cür hallarla qarşılaşmaq təəssüf ki, adi hala çevrilib. Cəmiyyət artıq haqlı suallar verir: bu adamın elmi töhfəsi nədir, hansı araşdırması ilə tanınır, hansı beynəlxalq platformada izi var? Bu suallara cavab verilmədikdə problem tək bir şəxslə məhdudlaşmır, bütövlükdə elmə inam zədələnir”.

Əmrah Həsənli

Əmrah Həsənli qeyd edib ki, alim adının qorunması əslində elmin gələcəyinin qorunmasıdır: “Çıxış yolu yalnız inzibati üsullarla məsələyə yanaşmaq deyil. Burada əsas məsələ obyektiv və işlək mexanizmlərin tətbiqidir. Elmi ad və dərəcə daimi fəaliyyətlə təsdiqlənməlidir. Müəyyən dövr ərzində elmi məhsul ortaya qoymayan, istinad almayan, elmi müzakirələrdə iştirak etməyən şəxsin “aktiv alim” statusu avtomatik sual altına düşməlidir. Bu, cəzalandırma yox, elmin daxili məntiqidir.

Digər vacib məqam alimlərin bir-birinə münasibətidir. Elmi mühit özü-özünü qiymətləndirməyi bacarmalıdır. Kim real elmi fəaliyyət göstərir, kim sadəcə ad daşıyır - bunu ən yaxşı yenə elmin içində olanlar bilir. Açıq tənqid, dürüst rəy və sağlam elmi mübahisə mədəniyyəti olmadan bu problemi həll etmək mümkün deyil.

Ən önəmlisi isə gənc nəsilə verilən mesajdır. Alim olmaq bir titul deyil, davamlı məsuliyyətdir. Alim daim oxuyan, yazan, araşdıran, beynəlxalq elmi mühitlə əlaqədə olan insandır. Bu proses dayanırsa, ad da mənasını itirir. Alim adının qorunması əslində elmin gələcəyinin qorunmasıdır və bu məsələdə gecikmək artıq mümkün deyil”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
120
bizimyol.info

1Mənbələr