AZ

Əli Əhmədov: AP-nin Azərbaycana qarşı qərəzli mövqeyinin heç bir mənəvi əsası yoxdur

Milli Məclisin deputatı Əli Əhmədov payız sessiyasının növbəti plenar iclasında Avropa Parlamentinin Azərbaycana qarşı mövqeyini sərt tənqid edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibəti artıq təsadüfi hal deyil, onun fəaliyyət formasına çevrilib:

“Avropa Parlamenti uzun illərdir Azərbaycana qarşı qərəzli mövqeyi ilə Azərbaycan ictimaiyyətinin gözündə özünü tənqid etmək hüququnu itirib”.

Əli Əhmədov xatırladıb ki, 30 il ərzində Azərbaycanın ərazi bütövlüyü məsələsində ölkənin haqlı mövqeyini müdafiə etməyən, məcburi köçkünlərin üzləşdiyi ağır şəraitə göz yuman bir qurumun bu gün Azərbaycanı tənqid etməyə mənəvi haqqı yoxdur.

Deputat qeyd edib ki, Avropa Parlamenti hazırda da Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olmağa çalışır, Azərbaycanla Ermənistan arasında əməkdaşlıq imkanlarına əngəl yaradır. Onun sözlərinə görə, bu yanaşma Avropa Parlamentinin anti-Azərbaycan mahiyyətinin açıq göstəricisidir.

Əli Əhmədov vurğulayıb ki, Avropa Parlamentinin digər xoşagəlməyən fəaliyyəti suveren dövlətlərin daxili işlərinə qarışmaq cəhdləridir:

“Heç bir dövlət öz suveren hüquqlarını kiməsə, o cümlədən Avropa Parlamentinə vermək niyyətində deyil və Azərbaycan da istisna deyil”.

Deputat əlavə edib ki, Azərbaycan cəmiyyəti və Milli Məclis Avropa Parlamentinin qərəzli mövqeyinə hər zaman kəskin münasibət bildirib və son qəbul edilən anti-Azərbaycan qətnamə də ictimaiyyət tərəfindən qətiyyətlə pislənəcək.

Əli Əhmədov Azərbaycan Parlamentinin Avropa Parlamentinin növbəti anti-Azərbaycan qətnaməsinə qarşı bəyanat qəbul etməsi təşəbbüsünü dəstəklədiyini bildirib və bunu zəruri və layiqli cavab kimi qiymətləndirib.

Afət ZİYADQIZI

Seçilən
127
2
operativmm.az

3Mənbələr