AZ

Cənab Prezident İlham Əliyev müasir, güclü və qalib Azərbaycanın memarıdır



Azərbaycanın son iyirmi iki ili nə sadəcə illərin ardıcıl sıralanması, nə də rəsmi hesabatlarda əks olunan rəqəmlər toplusudur. Bu dövr xalqın taleyində iz qoyan, milli yüksəlişi ifadə edən möhtəşəm bir inkişaf salnaməsidir. Həmin salnamənin mərkəzində isə bir şəxs dayanır – Müzəffər Ali Baş Komandan İlham Əliyev. Onun rəhbərliyi dövründə Azərbaycan yalnız dəyişiklik mərhələsindən keçməyib, eyni zamanda özünü yenidən təsdiqləyən, güclü və müasir dövlətə çevrilib. Bu gün ölkənin bütün sahələrində müşahidə olunan uğurların təməlində liderin dəqiq düşüncəsi, uzaqgörən strategiyası və xalqına söykənən qətiyyətli iradəsi dayanır. Həyata keçirilən genişmiqyaslı siyasi kurs elmi əsaslara, düşünülmüş diplomatik xəttə və möhkəm dövlətçilik ideyasına söykənir.

“Azərbaycanın inkişaf yolu milli gücə, müstəqil siyasətə və vətəndaşların rifahına əsaslanır.” İlk baxışda sadə görünən bu fikir əslində böyük bir dövlət modelinin mahiyyətini açıqlayır. Bu yanaşmanı gündəlik həyatın özündə açıq şəkildə görmək mümkündür: yeni yol salınırsa, bu təkcə nəqliyyat xətti deyil, ölkənin gələcəyinə doğru atılan strateji addımdır. Şəhərlər abadlaşdırılırsa, bu sadəcə tikinti prosesi deyil, xalqın doğma torpaqlarına qayıdışının simvoludur. Yeni zavod və fabriklərin açılması iqtisadiyyatın güclənməsi, yeni iş yerlərinin yaradılması və davamlı inkişaf deməkdir. Xarici siyasətdə atılan hər bir addım isə Azərbaycanın beynəlxalq arenada nüfuzunun artdığını göstərir. Cənab Prezident İlham Əliyevin siyasətinin əsas fəlsəfəsi məhz budur: güclü xalq güclü dövləti formalaşdırır, güclü dövlət isə xalqın rifahını təmin edir.

2020-ci ildə qazanılan tarixi Zəfər yalnız torpaqların azad edilməsi ilə yekunlaşmadı. Bu Qələbə Azərbaycanın hərbi qüdrətini, xalqın birliyini və Müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu il həmin Zəfərin beşinci ildönümü qeyd olunur. Beş il əvvəl Azərbaycan Ordusu döyüş meydanında qalib gəldisə, sonrakı beş il ərzində Azərbaycan dövləti Qarabağda aparılan quruculuq və bərpa prosesində də qalib tərəf oldu. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi, Zəngilan sürətlə iqtisadi mərkəzə çevrilir, Şuşa yenidən mədəniyyət paytaxtı statusunu bərpa etdi, Böyük Qayıdış prosesi reallığa çevrildi və həyat doğma yurd yerlərinə qayıdır. Bu dövr göstərdi ki, Azərbaycan yalnız müharibə dövrünü deyil, eyni zamanda sülh və quruculuq mərhələsini də uğurla idarə etmək gücünə malikdir. Bütün bu nailiyyətlər Prezident İlham Əliyevin iradəsi sayəsində sistemli və məqsədyönlü strategiyaya çevrilib.

Bu gün Azərbaycan regionda yeni siyasi və geosiyasi reallıqlar formalaşdırır. ABŞ-da gözlənilən sülh müqaviləsi ilə bağlı əldə edilən razılaşmalar da bu reallığın mühüm tərkib hissəsidir. Bu sənədin məzmunu aydındır: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, regionda sabitlik təmin olunur, yeni iqtisadi və nəqliyyat dəhlizləri açılır, müharibə mərhələsi geridə qalır və Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq sistemi formalaşır. Bu razılaşma həm diplomatik uğur, həm də Azərbaycanın gücünün beynəlxalq miqyasda qəbul edilməsinin bariz nümunəsidir. Diplomatiyada təsadüfi proseslər olmur – bütün bu nəticələrin arxasında Prezidentin uzun illər ərzində formalaşdırdığı siyasi xətt, dəqiq hesablanmış qərarlar və prinsipial mövqe dayanır.

Bu gün Azərbaycanın inkişafı açıq şəkildə göz önündədir. Görülən bütün işlər vahid və böyük bir ideyaya xidmət edir: “Azərbaycan güclü və müstəqil dövlət olmalıdır.” Prezident İlham Əliyev dövrü yalnız iqtisadi və sosial inkişafla məhdudlaşmır. Bu mərhələ dövlətin xarakterinin möhkəmlənməsi, siyasətin prinsipiallaşması, diplomatiyanın təsir gücünün artması, iqtisadiyyatın genişlənməsi, ordunun modernləşdirilməsi və xalqın özünə inamının yüksəlməsi ilə səciyyələnir. Bu idarəçilik modeli – həm qətiyyətli, həm humanist, həm realist, həm də uzaqgörən yanaşma – bir çox ölkələr üçün nümunə ola biləcək səviyyədədir.

Ölkə Prezidenti İlham Əliyevin fəaliyyətinə nəzər saldıqda aydın görünür ki, o, xalqın gücünə arxalanan, milli maraqları hər şeydən üstün tutan, öz mövqeyini qətiyyətlə müdafiə edən liderdir. Beynəlxalq müstəvidə isə o, güc balansını düzgün dəyərləndirən, regionda yeni siyasi reallıqlar yaradan, böyük dövlətlərlə bərabərhüquqlu dialoq aparan və diplomatiyada yeni yanaşma formalaşdıran strateq kimi çıxış edir. Bu, güclü dövlətçilik fəlsəfəsidir və Azərbaycanı bu gün regionun, sabah isə daha geniş coğrafiyanın aparıcı güclərindən birinə çevirir.

2021-ci il iyunun 15-də Şuşa şəhərində Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasındakı münasibətləri keyfiyyətcə yeni – müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu sənəd iki qardaş xalq arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirdi. Bəyannaməyə əsasən tərəflər xarici siyasət sahəsində koordinasiyanı gücləndirir, müntəzəm siyasi məsləhətləşmələr aparır və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərirlər. Həmçinin BMT, ATƏT, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq platformalarda qarşılıqlı dəstək nümayiş etdirirlər.

Son iyirmi iki ilin reallıqları bir həqiqəti qəti şəkildə təsdiqləyir: Azərbaycanı dəyişən, gücləndirən və qlobal siyasətdə söz sahibi edən lider Cənab Prezident İlham Əliyevdir. Onun rəhbərliyi dövründə əldə edilən uğurların miqyası son dərəcə genişdir. Bu gün Azərbaycan hərtərəfli və dinamik inkişaf mərhələsində yeni bir dövrə qədəm qoyur. Sülh müqaviləsi perspektivi, Zəfərin quruculuq mərhələsi, yeni iqtisadi yüksəliş, Türk dünyasının inteqrasiyası və qlobal enerji siyasətində aparıcı rol ölkənin gələcəyinə aparan yolun başlanğıcıdır. Azərbaycan bu gün Prezidentin iradəsi ilə daha güclü, daha qürurlu və daha sabit gələcəyə doğru inamla irəliləyir. Bu, Cənab Prezident İlham Əliyev dövrünün Azərbaycanıdır – qalib, müasir və yenilməz dövlətin təcəssümüdür.

İlham Abbasov,
Goranboy rayon İcra Hakimiyyəti başçısının Börü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi, YAP Goranboy rayon təşkilatının Börü ərazi partiya təşkilatının sədri.




Seçilən
68
50
aia.az

10Mənbələr