AZ

“Sabah” ilkə imza atdı, 10-cu qış çempionu oldu – ARENA.AZ

“Sabah” komandası futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün qış çempionu olub.

Arena.az xəbər verir ki, bu, 2025-ci ilin son oyunundan sonra dəqiqləşib.

16-cı turun “Sumqayıt”la səfər görüşündə 3:1 hesabı ilə qalib gəlmiş “bayquşlar” yeni ili lider kimi qarşılayacaqlar. Xallarının sayını 37-yə çatdıran Bakı klubu son 4 mövsümün qış çempionu “Qarabağ”ı bir xal qabaqlayıb. Bu, “Sabah”ın tarixində ilk belə nəticədir.

Paytaxt təmsilçisi ili zirvədə başa vuran 10-cu komanda olub. Sonuncu yeni qış çempionu 17 il əvvəl – 2008/09 mövsümündə qeydə alınmışdı. Premyer Liqanın ilk dəfə PFL bayrağı altında keçirildiyi mövsümdə “İnter” (indiki “Şamaxı”) tarixində birinci dəfə qış çempionu olub. Sonrakı illərdə isə heç kim adını qış çempionları sırasına əlavə edə bilməyib və bu uğura əvvəl imza atanlar yenidən fərqlənib.

Ümumilikdə isə bunadək 9 klub belə nəticəyə imza atıb və “Sabah” siyahıda 10-cu olub. “Qarabağ” hamıdan çox – 11 dəfə (2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20, 2021/22, 2022/23, 2023/24, 2024/25) fərqlənib. “Neftçi” doqquz (1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19, 2020/21), “Kəpəz” (1993/94, 1997/98, 1998/99) və “Şamaxı” (2008/09, 2009/10, 2012/13) hərəyə üç, “Xəzri” (1995/96), “Şəmkir” (1999/2000), “Karvan” (2005/06), “Xəzər Lənkəran” (2006/07) və “Şüvəlan”ın (2007/08) bir belə uğuru var.

Qeyd edək ki, 1992 və 1993 mövsümləri yaz-payız sistemi ilə keçirilib.

Seçilən
31
8
arena.az

10Mənbələr