AZ

“Həkimlərin hərbi xidməti peşəkar və effektiv model əsasında təşkil olunmalıdır”

"Bu gün tibb fakültəsini bitirən hər bir həkim sıravi əsgər kimi hərbi xidmətə çağırılır və bu, illərlə hazırlanan ixtisaslı kadrların uzun müddət sistemdən kənarda qalmasına səbəb olur. Bir həkimin bir və ya bir il yarım müddətinə peşə fəaliyyətindən tam ayrılması təkcə şəxsi karyerasına deyil, eyni zamanda səhiyyə sisteminin davamlılığına da ciddi zərbə vurur".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirdi.

Deputat bildirib ki, bu gün tibb fakültəsini bitirən hər bir həkim sıravi əsgər kimi hərbi xidmətə çağırılır və bu, illərlə hazırlanan ixtisaslı kadrların uzun müddət sistemdən kənarda qalmasına səbəb olur. Onun sözlərinə görə, bir həkimin bir və ya bir il yarım müddətinə peşə fəaliyyətindən tam ayrılması təkcə şəxsi karyerasına deyil, eyni zamanda səhiyyə sisteminin davamlılığına da ciddi zərbə vurur.

Rəşad Mahmudov qeyd edib ki, Türkiyə, Cənubi Koreya və İsrail kimi ölkələrdə həkimlər üçün hərbi xidmətin daha çevik və səmərəli modeli tətbiq olunur:

"Bu ölkələrdə həkimlərin hərbi xidməti qısa müddətli, maaşlı və ixtisaslarına uyğun şəkildə təşkil edilir. Azərbaycanda da klassik çağırış modelindən peşəkar və effektiv xidmət modelinə keçid beynəlxalq təcrübəyə daha uyğun olardı və bu yanaşma müzakirə olunan qanun layihəsində öz əksini tapıb".

Deputat vurğulayıb ki, məqsəd hər hansı bir sahə və ya peşə qrupuna güzəşt etmək deyil, dövlətin ehtiyaclarını daha rasional şəkildə təmin etməkdir.

“Bu model nəticəsində ordu real tibbi xidmət qazanacaq, dövlət isə yüksək ixtisaslı kadrını itirməyəcək. Eyni zamanda könüllülük və motivasiya prinsipləri güclənəcək,” - deyə o bildirib.

Rəşad Mahmudov çıxışında statistik məlumatlara da toxunaraq qeyd edib ki, tibb fakültəsini bitirən məzunların əhəmiyyətli bir hissəsi peşəkar fəaliyyətlərini itirməmək üçün xarici ölkələrdə təhsillərini davam etdirir və hərbi xidmətə gedənlərin sayı nisbətən azdır. Onun fikrincə, bu məsələ gələcəkdə aidiyyəti qurumlar səviyyəsində daha geniş müzakirə olunmalıdır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
26
6
redaktor.az

10Mənbələr