AZ

"İlham Əliyevin siyasətinin mərkəzində insan amili və vətəndaş rifahı dayanır"

"İlham Əliyevin imzaladığı son sərəncamların əhəmiyyəti dövlətin gücünü, konstitusion niyyətlərini və ali məqsədlərinin uğurla reallaşdığını nümayiş etdirir. Bu sərəncamlar eyni zamanda dövlət başçısının siyasətinin ana xəttində insan amili və vətəndaş rifahının dayandığını bir daha sübut edir".

Redaktor.az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirib.

Bəhruz Məhərrəmov qeyd edib ki, bayram günləri ərəfəsində imzalanmış yardım sərəncamı dəstəyə ehtiyacı olan hər bir ailənin yanında dövlətin və prezidentin dayandığını göstərir. Onun sözlərinə görə, bu yardım sayəsində minlərlə evdə bayram sevinci yaşanacaq və vətəndaşların dövlətə olan inamı daha da möhkəmlənəcək.

Deputat vurğulayıb ki, artıq Azərbaycan 1990-cı illərin çətinliklərini geridə qoyub və ölkə inkişaf mərhələsinə qədəm qoyub. Bununla belə, İlham Əliyevin bu humanist və ləyaqətli addımı vətəndaşın öz dövlətinə və prezidentinə olan etimadını daha da gücləndirib.

Bəhruz Məhərrəmov çıxışında prezidentin digər bir sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunmasına da toxunub. O bildirib ki, bu qərar prioritetlərin kompleks qiymətləndirilməsinin nəticəsidir və BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi ilə birbaşa bağlıdır.

Deputatın sözlərinə görə, bu qərar eyni zamanda ölkənin yeni inkişaf dövrünə, sülh və əməkdaşlıq mərhələsinə qədəm qoymasının simvoludur:

"Prezidentin liderliyi ilə Azərbaycan Vətən müharibəsini qələbə ilə başa vurub və hazırda sülh istiqamətində mühüm irəliləyişlər əldə olunub. Regionda etimad quruculuğu prosesi davam edir, kommunikasiyalar tədricən açılır və Azərbaycan artıq potensialını daha çox quruculuq və bərpa işlərinə yönəltmək imkanına malikdir".

Sonda Bəhruz Məhərrəmov vurğulayıb ki, İlham Əliyevin qazandığı tarixi hərbi-siyasi zəfərlər və imzaladığı mühüm sərəncamlar onun yeni çağırışların və tarixin lideri olduğunu deməyə əsas verir. Bu gün İlham Əliyevin siyasəti təkcə Azərbaycanın deyil, bütövlükdə regionun təhlükəsizliyinin qarantına çevrilib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
78
redaktor.az

1Mənbələr