İranda hakimiyyət daxilində gedən ideoloji qarşıdurma son aylarda daha açıq şəkildə hiss olunmağa başlayıb. Prezident Məsud Pezeşkianın regional və beynəlxalq münasibətlərdə nisbi açıqlığa əsaslanan siyasəti ölkə daxilində sərt xətt tərəfdarlarının ciddi narahatlığına səbəb olub. Bu ziddiyyətlər hələlik açıq siyasi böhrana çevrilməsə də, proseslərin hansı istiqamətdə inkişaf edəcəyi region ölkələri, xüsusilə də Azərbaycan üçün diqqətlə izlənməli məqamdır.
Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, İran hakimiyyətinin daxilində sərt xətt tərəfdarları ilə liberal siyasi qanad arasında ciddi mübarizə gedir. Onun sözlərinə görə, bu qarşıdurma zaman-zaman müxtəlif siyasi və ideoloji məsələlərdə özünü açıq şəkildə göstərir:

“İran rəhbərliyindəki dini radikallarla dünyəvi yanaşmanı müdafiə edən qüvvələr arasındakı fikir ayrılıqları həm daxili siyasətdə, həm də xarici münasibətlərdə özünü büruzə verir. Bu mübarizə regional və qlobal siyasətdə, eləcə də ABŞ və Avropa Birliyi ilə münasibətlərdə aydın şəkildə hiss olunur. Aydın məsələdir ki, Pezeşkian ölkə rəhbəri kimi daha açıq və praqmatik siyasət yürütməyin tərəfdarıdır. Məhz buna görə də hakimiyyətə gəldiyi ilk gündən etibarən İran daxilində müəyyən təzyiqlərlə üzləşir”.
Aydın Quliyevin sözlərinə görə, hazırkı mərhələdə bu təzyiqlər əsasən İran parlamentində ayrı-ayrı deputatların çıxışları səviyyəsində özünü göstərir:
“Bu prosesin nə dərəcədə dərinləşəcəyini indidən demək çətindir. Lakin əgər tək-tək deputatlar belə çağırışlarla çıxış edirlərsə, gələcəkdə radikal qüvvələrin Pezeşkiana qarşı tələbləri daha da sərtləşdirəcəyi istisna olunmur. Prinsip etibarilə, onun gələcəkdə impiçmentə cəlb olunması ehtimalı var. Amma bunu qəti hökm kimi təqdim etmək düzgün olmaz. Pezeşkian regionda Azərbaycanla yeni əməkdaşlıq formatlarının qurulmasında maraqlıdır. Eyni zamanda, onun Mərkəzi Asiya ölkələri və Türkiyə ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyi açıq şəkildə görünür.
Pezeşkianın apardığı siyasət bölgədə dövlətlər arasında yeni münasibətlərin formalaşmasına təsir göstərə biləcək potensiala malikdir. Bu baxımdan onun siyasətinin İran daxilində hansı perspektivə malik olacağı bizim üçün də maraqlıdır”.
Aydın Quliyev qeyd edib ki, əgər radikal qüvvələr Pezeşkianın yürütdüyü siyasi xətti dayandıra bilsələr, bu, regionda yeni bir soyuq münasibətlər mərhələsinin başlanğıcı ola bilər. Onun sözlərinə görə, İranın beynəlxalq təcriddən çıxması və regional mövqelərini gücləndirməsi birbaşa olaraq qonşu ölkələrlə quracağı münasibətlərdən asılıdır: “Pezeşkianın ənənəvi olaraq İranın dini radikal dairələrinin xüsusi yaxınlıq göstərdiyi Ermənistanla münasibətlərin də mövcud regional reallıqlar əsasında yenidən formalaşdırılmasında maraqlı olması Azərbaycan üçün diqqətçəkən məqamlardan biridir: “ezeşkianın siyasətini bizim üçün maraqlı edən əsas nüanslardan biri də məhz budur”.
//Gülnarə Abasova, Editor.az