BAKI, 24 dekabr. TELEQRAF
İki alim zamanda səyahətlə bağlı ən məşhur məntiq paradokslarından birinə riyazi çıxış yolu tapdıqlarını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Classical and Quantum Gravity” jurnalı yazıb.
Avstraliyanın Kvinslend Universitetindən Jermeyn Tobar və Fabio Koşta müəyyən şərtlər altında zamanda səyahətin fizika qanunları ilə ziddiyyət təşkil etmədiyi və bunun riyazi olaraq da göstərilə biləcəyini irəli sürüblər. Alimlərin işi illərdir müzakirə olunan zamanda səyahət anlayışına yeni baxış bucağı qazandırır.
Zamanda səyahət mübahisəsinin nəzəri əsasını Albert Eynşteynin irəli sürdüyü “Qapalı zamanabənzər əyrilər” (CTC - Closed Timelike Curves) anlayışı təşkil edir. Bu nəzəriyyə bir insan və ya obyektin zamanda geriyə gedərək yenidən eyni məkan-zaman nöqtəsinə qayıtmasını mümkün edən model kimi təsvir olunur.
Tobar və Koştaya görə, CTC daxilində inkişaf edən hadisələr zəncirində yalnız iki əsas şərt sabit saxlanıldığı müddətdə qalan bütün ehtimallar “azad seçim” çərçivəsində formalaşa bilər.
Tədqiqatçılar araşdırma zamanı belə bir nəticəyə gəliblər:
“Əldə etdiyimiz tapıntılar göstərir ki, qapalı zamanabənzər əyrilər nə determinizm, nə də “azad seçim” anlayışı ilə ziddiyyət təşkil edir, əksinə, çoxsaylı fərqli ssenari və dinamik proseslərə imkan yaradır”.
Fabio Koşta zamanda səyahət müzakirələrində tez-tez gündəmə gələn paradoksu konkret bir ssenari ilə izah edir:
“Tutaq ki, COVID-19-a yoluxmuş ilk şəxsi müəyyən etdiniz. Onun virusa məruz qalmasının qarşısını almaq üçün keçmişə gedirsiniz. Əgər bu şəxsi uğurla qorusanız, pandemiyanı dayandırmaq üçün sizi yola çıxaran səbəb də ortadan qalxmış olar. Məhz bu, paradoksdur və bir çox insan bu cür ziddiyyətlərə görə zamanda səyahətin kainatda mümkün olmadığına inanır”.
Nəzəri fiziklər iddia edirlər ki, kainat bu cür paradokslarla qarşılaşdıqda hadisələrin ardıcıllığını bərpa etmək üçün özünü tənzimləyən daxili tarazlaşdırma mexanizminə malik ola bilər. Tobar və Koşta bu yanaşmanın təkcə fəlsəfi fərziyyə olmadığını, riyazi cəhətdən də əsaslandırıla bilinəcəyini irəli sürürlər.
Məqalədə bu fikir belə ifadə olunur:
“İlk xəstəni dayandırmağa cəhd göstərə bilərsiniz, amma bu prosesdə virusa bu dəfə siz yoluxa və yeni “sıfırıncı xəstə”yə çevrilə bilərsiniz. Yaxud bu rolu başqa biri üzərinə götürə bilər. Nəticədə nə etsəniz də, hadisələr zənciri uyğunsuzluğa yol verməyəcək şəkildə özünü yenidən qurur. Paradoks yaratmağa çalışsanız belə, hekayə hər dəfə öz daxilində uyğun hala gəlir”.
Araşdırmanın işarə etdiyi əsas fikir budur: bir gün real mənada zamanda səyahət mümkün olarsa, bunu həyata keçirənlər kainatı dərhal xaosa sürükləmək qorxusu olmadan təcrübələr apara bilərlər. Çünki modelə görə, kainat riyazi olaraq paradoksların qarşısını alacaq şəkildə hadisələri öz daxilində yenidən tarazlaşdırmağa meyllidir. Bu yanaşma keçmişə gedib böyük bir fəlakətin qarşısını almaq istəyən biri üçün xeyli məyusedici ola bilər, amma riyaziyyatçılar baxımından zaman anlayışı ilə bağlı ən böyük məntiq düyünlərindən birini əhəmiyyətli dərəcədə yumşaldır.