AZ

Hüquq müdafiəçisi qadın namizədlərin olmamasından danışdı: Vəziyyət o qədər çətindir ki…

Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumata görə, 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı 15-ə çatıb. Onlar hazırkı Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, deputatlar Zahid Oruc, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Razi Nurullayev, həmçinin Elşad Musayev, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli, Yusif Bağırzadə və Fuad Əliyevdir. Göründüyü kimi, namizədlər arasında qadın yoxdur. Halbuki Milli Məclisdə təmsil olunan, qeyri-hökumət təşkilatlarına, o cümlədən hüquq-müdafiə təşkilatlarına rəhbərlik edən, özəl sektorda çalışan, ictimai-siyasi fəaliyyətlə, sahibkarlıqla məşğul olan çoxsaylı qadınlarımız var. Bundan başqa, Moldova və Gürcüstanın hazırkı prezidentləri xanımdır, eləcə də gələn il Rusiyada keçiriləcək prezident seçkilərində namizədliyi irəli sürülmüş İrina Sviridova kimi qadın var. Bütün bu gerçəkliklər fonunda Azərbaycanda gələn il keçiriləcək növbədənkənar prezident seçkilərində nə üçün qadın namizəd yoxdur?

Hüquq müdafiəçisi Novella Cəfəroğlu mövzu ilə bağlı Medianews.az-a bildirib ki, kişi namizədlərlə yanaşı, qadınların da namizədliyinin irəli sürülməsini arzulayır. Onun sözlərinə görə, seçki prosesində iştirak edib təcrübə qazanmaq baxımdan bu, çox müsbət hadisə olardı: “Mən də çox təəccübləndim ki, niyə namizədlər arasında xanım yoxdur. Halbuki xanım namizəd də ola bilərdi. Bizim kifayət qədər ağıllı, uğurlu karyerası olan xanımlarımız var ki, prezidentliyə namizədliyini verə bilərdilər. Bu səbəbdən də xanımların namizəd olmaması təəccüblüdür. Baxmayaraq ki, torpaqlarımızı işğaldan azad etmişik, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunub, qələbə qazanmışıq, amma geosiyasi baxımdan vəziyyət o qədər çətindir ki… Bu çətinliklərin fonunda belə, hesab edirəm ki, qadınlar öz namizədliyini verə bilərdi. Kişilər artıq namizədliyini irəli sürüblər. Onların öz komandası var, seçim ediblər, namizədlik irəli sürüblər. Onlar parlament seçkilərindən əvvəl də namizəd olur və yoxlayırlar ki, komandası necə işləyə bilər və sair”.

Hüquq müdafiəçisi hazırda Prezident İlham Əliyevə alternativ namizəd olmadığını da dilə gətirib: “Düzdür, bugünkü reallıqda Prezident İlham Əliyevə alternativ olacaq şəxs yoxdur. Bunu namizədliyini irəli sürənlər də, qadınlarımız da yaxşı bilirlər. Bununla belə, seçki bir təcrübədir və düşünürəm ki, bir neçə qadın da namizədlik verməli, bu təcrübəni də qazanmalı idi. Parlament seçkiləri qabağı öz komandasının gücünü, işləməyini yoxladığı kimi, qadınlar növbədənkənar prezident seçkisində də namizəd olmalıydılar. Yəni, necə seçki aparmaq, komanda yığmaq, rayonlara gedib özünü təbliğ etmək və sair məsələlərdə əyani iştirakçı olmalıydılar”.

Lamiyə MİRZƏYEVA

Seçilən
775
50
medianews.az

10Mənbələr