Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.
Türkiyəli riyaziyyat müəlliminin Azərbaycan vətəndaşları ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub.
Bakupost.az xəbər verir ki, Hamza Duru adlı şəxs sosial media hesabında paylaşdığı videomüraciətində Türkiyə vətəndaşlarını Azərbaycan vətəndaşları ilə ailə qurmaq məsələsində çox ehtiyatlı olmağa çağırıb. O bildirib ki, azərbaycanlılar və türkiyəlilərin dünyagörüşü, həyat tərzi və həyata baxışı bir-birindən ciddi şəkildə fərqlənir və bu səbəbdən qurulan ailələr uzunömürlü olmur:
“Buradan Azərbaycan vətəndaşları ilə ailə qurmağı düşünən Türkiyə vətəndaşlarına səslənirəm, bir daha düşünün. Beş il Azərbaycanda, Naxçıvanda yaşamış biri kimi danışıram. Onlarla dostumuz azərbaycanlı qadınlarla evləndi və demək olar ki, heç biri ailəsini qoruya bilmədi. Onların mədəniyyəti, yaşayış tərzi və həyata baxışı Türkiyə vətəndaşlarından çox fərqlidir. Heç bir halda anlaşa bilmirlər. Bir dostum evliliyinin ikinci-üçüncü ilində boşandı. Səbəbini soruşanda dedi ki, hər il ev əşyalarını dəyişmək üçün israr edirdi və buna maddi cəhətdən gücü çatmırdı. Maraşdan olan başqa bir dostum iki-üç uşaq sahibi olmuşdu, sonradan onların da boşandığını eşitdim. Bakıda evlənən bir dostum isə bir il belə keçməmiş ayrıldı. Təkrar düşünmənizi tövsiyə edirəm, çünki bu evliliklərin altında çox böyük xərclər var və bir çox insan bu yükün altından qalxa bilmir”.
Türkiyəli müəllimin bu açıqlaması sosial şəbəkələrdə Türkiyə və Azərbaycan vətəndaşları tərəfindən hiddətlə qarşılanıb. Bir çox istifadəçilər Hamza Durunun fikirlərinə etiraz edərək, azərbaycanlı qadınlarla bağlı müsbət fikirlər səsləndiriblər. Belə ki, Kamil Gur adlı istifadəçi bunları qeyd edib:
“Sən səhv edirsən. Mən Türkiyə vətəndaşıyam, artıq 7 ildir evliyəm və Sumqayıtda yaşayıram. And içirəm ki, Azərbaycan vətəndaşları Türkiyə vətəndaşlarından qat-qat daha yaxşıdır. Yaxşı ki, Azərbaycandayam. Yaşasın, can Azərbaycan! Allah hamısından razı olsun”.
Ayan adlı istifadəçi yazıb:
“Əmim qızı artıq 23 ildir İstanbulda türk vətəndaşı ilə evlidir. İki oğlu, bir qızı var və çox xoşbəxt yaşayırlar. Oğlunun toyu olacaq. Hazırda Almaniyada yaşayırlar”.
Yılmaz adlı istifadəçi bunları deyib:
“Haqlı deyilsən. Bacım 20 ildir evlidir, digər bacım 17 ildir evlidir, mən isə artıq 6 ildir evliyəm. Bəs biz niyə boşanmırıq?”.
Nigar adlı istifadəçi də razılaşmadığını bildirib:
“Yalan danışma. Elə gözəl anlaşan ailələr var ki… Məsələn, xalam qızı artıq 6 ildir evlidir, Türkiyədə yaşayırlar. İki qız övladları var və çox xoşbəxtdirlər”.
Gülər adlı istifadəçi də səslənən fikirlərin yalan olduğunu vurğulayıb:
“Mənim qızım 1991-ci ildən evlidir, hazırda da orada yaşayır. Dörd övladı, nəvələri var”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.