“Yubiley oyunumu ən sevdiyim iki klubla – “Beşiktaş” – “Xəzər-Lənkəran” matçı ilə etdim. Həmin görüş çox möhtəşəm idi. Meydanda iki sevdiyim klub var idi. Bu səbəbdən də çox xoşbəxtdim. Hamısına təşəkkür edirəm. Stadionda 10-11 min azarkeş vardı. Möhtəşəm hisslər idi. Həmin görüşün təkrarını hələ də açıb izləyirəm”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Türkiyə millisinin sabiq üzvü Okray Dərəlioğlu özünün yutub kanalına açıqlaması zamanı deyib.
Vaxtı ilə “Xəzər-Lənkəran”da top qovmuş Dərəlioğlu daha sonra belə davam edib:
“Lənkəranlı azarkeşlər hər şeyin ən gözəlinə layiqdir. Oradakı insanların səmimiyyəti mənə çox huzur verib. Bu səbəbdən də hamısına minnətdaram. Mənim lənkəranlı azakeşlərlə münasibətim çox fərqlidi. Bəlkə də indiki gənclər tam xatırlamır, amma onların ataları, əmiləri yaxşı bilirlər. Çox atəşli azarkeşlər idi, bizə möhtəşəm dəstək verirdilər. Düşünün ki, aradan 20 il keçib, hələ də məni unutmurlar. Mübariz Mənsimovla görüşümüz zamanı klubu yenidən bərpa etsə, baş məşqçi kimi məni gətirəcəyini söyləyib”.
Sabiq futbolçu Lənkəran təmsilçisinin fəaliyyətinin dayandırması barədə də danışıb:
“Klubun bağlanma səbəbini dəqiq deyə bilməyəcəm. Ancaq Mübariz bəylə danışanda özünə görə haqlı səbəbləri var idi. Mən də onunla bu barədə çox danışmaq istəmədim. Ancaq ürəyində hələ “Xəzər-Lənkəran” sevgisinin olduğu hiss olunur. Ona “Qarabağ”ın uğurlarını Lənkəranda təkrarlaya biləcəyimizi dedim”.