AZ

“Dövlət artıq müasir urbanist konsepsiyalara keçidi prioritet hesab edir”

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkənin inkişaf gündəliyində strateji əhəmiyyət daşıyan bir qərardır. Əhali artımı və sürətlənən urbanizasiya fonunda şəhərsalma artıq yalnız tikinti məsələsi deyil, sosial, iqtisadi və ekoloji balansın qorunmasını tələb edən kompleks çağırışa çevrilib. Paytaxt Bakının artan yükü regionların planlı və sistemli inkişafını zəruri edir, bu isə vahid və uzunmüddətli şəhərsalma strategiyasına ehtiyacı ön plana çıxarır. Müasir yanaşma şəhərləri yalnız yaşayış məkanı deyil, eyni zamanda iş, nəqliyyat, sosial həyat və ekoloji mühitin uzlaşdırıldığı canlı sistem kimi nəzərdən keçirməyi tələb edir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

O bildirib ki, bu kontekstdə “yaşıl” və “ağıllı” şəhər modellərinə keçid xüsusi əhəmiyyət kəsb edir: “Ekoloji dayanıqlılıq, enerji səmərəliliyi, rəqəmsal idarəetmə və həyat keyfiyyətinin yüksəldilməsi bu modellərin əsas üstünlükləridir. Son illərdə Bakıda və xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri göstərir ki, dövlət artıq klassik şəhərsalma yanaşmasından daha müasir urbanist konsepsiyalara keçidi prioritet hesab edir. Qarabağ və Şərqi Zəngəzurda sıfırdan qurulan şəhər və kəndlər bu baxımdan gələcək üçün nümunəvi model rolunu oynayır və regional inkişafın sürətlənməsinə, əhalinin geri dönüşünə və sosial rifahın artmasına xidmət edir”.

T.Rzayev qeyd edib ki, digər mühüm məsələ şəhərsalma prosesinin tarixi-mədəni irsin qorunması ilə uzlaşdırılmasıdır: “Şəhərlərin yenilənməsi tarixi məkanların sıradan çıxarılması hesabına deyil, əksinə, onların bərpası və müasir şəhər mühiti ilə harmoniyalı inteqrasiyası əsasında aparılmalıdır. Bu yanaşma şəhərlərin kimliyini və estetik dəyərini qoruyur, eyni zamanda turizm və mədəni inkişaf üçün yeni imkanlar yaradır. Nəticə etibarilə, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi planlaşdırma, ekoloji davamlılıq, texnoloji yeniliklər və mədəni irsin qorunmasını birləşdirən vahid strategiyanın formalaşmasına zəmin yaradır və qarşıdakı dövrdə bu sahədə daha sistemli və effektiv addımların atılacağına işarə edir”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
icma.az

1Mənbələr