AZ

Jair Bolsonaru oğlunun 2026-cı il seçkilərində namizədliyini dəstəkləyib

Həbsdə olan sabiq dövlət başçısı prezidentlik missiyasını oğluna həvalə etdiyini açıqlayıb...

Braziliyanın sabiq prezidenti Jair Bolsonaru 2026-cı ildə keçiriləcək prezident seçkilərində böyük oğlu, senator Flavio Bolsonarunun namizədliyini dəstəklədiyini bildirən açıq məktub yazıb.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Jair Bolsonaru 2022-ci il prezident seçkilərində məğlubiyyətdən sonra dövlət çevrilişinə cəhd ittihamı ilə Ali Məhkəmə tərəfindən təqsirli bilinib və hazırda həbsdədir. Qanunvericiliyə əsasən, onun yenidən prezidentliyə namizəd olmaq imkanı olmadığı üçün sabiq dövlət başçısı siyasi mübarizə missiyasını böyük oğlu Flavio Bolsonaruya tapşırıb. Flavio Bolsonaru 2026-cı il seçkilərində hazırkı prezident Luis İnasio Lula da Silva ilə rəqabət aparmalıdır.

Bloomberg yazır ki, Braziliyada mühafizəkar hərəkatın liderliyinin Bolsonaru ailəsi daxilində saxlanılması ilə bağlı qərar bu ayın əvvəlində açıqlansa da, mərkəzçi siyasi qüvvələr və investorlar Jair Bolsonarunun mövqeyini dəyişərək San-Paulu ştatının qubernatoru Tarsizio de Freytası dəstəkləyəcəyinə ümid edirdilər. De Freytas bazar iqtisadiyyatına daha loyal siyasətçi kimi qiymətləndirilir.

Lakin dərc edilən məktubda Jair Bolsonaru bu ehtimallara son qoyub. Məktubda deyilir: “Bu ədalətsizlik qarşısında və xalqın iradəsinin boğulmasına imkan verməmək əzmi ilə 2026-cı ildə respublika prezidenti postuna ilkin namizəd kimi Flavio Bolsonarunu irəli sürmək qərarını qəbul edirəm… Bir ata üçün həyatda ən vacib olanı — öz oğlumu, Braziliyamızı xilas etmək missiyası ilə bu mübarizəyə göndərirəm”.

Müşahidəçilərin fikrincə, bu qərar Braziliyada sağ-mühafizəkar elektoratın seçki kampaniyasına ailə mərkəzli strategiya ilə gedəcəyini göstərir və 2026-cı il seçkiləri ərəfəsində siyasi qütbləşməni daha da dərinləşdirə bilər.

Poliqon.info

Seçilən
59
poliqon.info

1Mənbələr