AZ

Səfir: “15-ci beşillik plan” dünya iqtisadiyyatına sabitlik gətirəcək və Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar açacaq

Bakı, 25 dekabr, Pərvanə Qafarova, AZƏRTAC

“15-ci beşillik plan” layihəsinin qəbul edilməsi Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 20-ci çağırışının Dördüncü plenumunun əsas nəticəsi və ölkənin cari ildəki siyasi həyatında mühüm hadisə olub. Oktyabrın 20-dən 23-dək Pekində keçirilən plenum beynəlxalq ictimaiyyətin geniş diqqətini cəlb edib. “15-ci beşillik plan” layihəsi Çinin qarşıdakı beş il və daha uzunmüddətli perspektiv üçün iqtisadi və sosial inkişafının ümumi çərçivəsini və strateji istiqamətini müəyyən edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Çinin Azərbaycandakı səfiri Lu Mey Çin–Azərbaycan münasibətlərinin ötən il üzrə inkişafının yekunlarına həsr olunmuş brifinqdə səsləndirib.

Lu Mey bildirib ki, beşillik planların ardıcıl şəkildə həyata keçirilməsi sayəsində 1952–2024-cü illər dövründə Çinin ümumi daxili məhsulu orta hesabla ildə 7,9 faiz artıb. Nəticədə Çin dünyanın ikinci ən böyük iqtisadiyyatına, ən iri istehsalçı dövlətinə və ticarət dövriyyəsi üzrə ən böyük ölkəsinə çevrilib, qlobal iqtisadi artımın təxminən 30 faizini sabit şəkildə təmin edir.

Səfir vurğulayıb ki, Çin süni intellekt, rəqəmsal iqtisadiyyat və “yaşıl” inkişaf sahələrində mühüm innovasiya nailiyyətlərini nümayiş etdirməkdə davam edir ki, bu da qlobal innovasiya proseslərinə dayanıqlı impuls verir.

Qeyd edildiyi kimi, “15-ci beşillik plan” layihəsində yaxın beş il üçün əsas inkişaf hədəfləri müəyyən olunub. Bu hədəflərə yüksək keyfiyyətli inkişafda əhəmiyyətli irəliləyişə nail olunması, texnoloji özünütəminetmə səviyyəsinin yüksəldilməsi, hərtərəfli islahatların dərinləşdirilməsi, sosial sivilizasiyanın təkmilləşdirilməsi, əhalinin həyat keyfiyyətinin artırılması, “gözəl Çin”in qurulması istiqamətində irəliləyiş və milli təhlükəsizliyin möhkəmləndirilməsi daxildir.

Lu Meyin sözlərinə görə, Çin 2035-ci ilədək iqtisadi, texnoloji və müdafiə potensialını əhəmiyyətli dərəcədə gücləndirməyi, beynəlxalq nüfuzunu artırmağı, adambaşına düşən ÜDM-i orta inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmağı və sosialist modernləşməsi məqsədlərini əsasən reallaşdırmağı qarşıya məqsəd qoyub.

Diplomat vurğulayıb ki, dünya iqtisadiyyatının bərpasının ləngidiyi, geosiyasi gərginliyin və qeyri-müəyyənliyin artdığı şəraitdə “15-ci beşillik plan” Çinin dünyaya inamlı və açıq kursunu nümayiş etdirir, qlobal inkişafa sabitlik və proqnozlaşdırıla bilən üstünlük gətirir, ölkənin beynəlxalq ictimaiyyətlə artım imkanlarını bölüşməyə hazır olduğunu təsdiqləyir.

Lu Mey bildirib ki, Çin və Azərbaycan inkişaf, dirçəliş yolunda tərəfdaşdır, “15-ci beşillik plan”ın konsepsiya və prioritetləri bir çox cəhətdən Azərbaycan Respublikasının 2027–2030-cu illər üçün sosial-iqtisadi inkişaf Strategiyası ilə səsləşir. Lu Meyin fikrincə, Çinin yeni beşillik planının həyata keçirilməsi Çinlə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın modernləşdirilməsi və praktik şəkildə genişləndirilməsi üçün ideyalar mənbəyi ola bilər.

Seçilən
99
azertag.az

1Mənbələr