AZ

Keçmiş nazirlər niyə borca düşür?

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son günlər açıq dövlət reyestrlərində yayımlanan məlumatlar keçmiş nazirlərin adı ilə bağlı olan bir sıra şirkət və qurumların dövlət qarşısında ciddi vergi borclarının yaranmasını üzə çıxarıb. Maraqlıdır ki, söhbət müxtəlif sahələrdə fəaliyyət göstərən, illərdir bazarda mövcud olan strukturlardan gedir.

Ölkə.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatlarına əsasən, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil olan “İmprotex Industries” MMC-nin dövlət qarşısında 2,2 milyon manatdan artıq vergi borcu formalaşıb.

Eyni zamanda, təhsil sektorunda da oxşar mənzərə yaranıb. Qəyyumlar Şurasına sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun rəhbərlik etdiyi Qərbi Kaspi Universitetinin vergi borcu qısa müddətdə əhəmiyyətli dərəcədə artaraq 98 min manatı ötüb. Diqqət çəkən məqam odur ki, ali təhsil müəssisəsinin borcu cəmi iki ay ərzində təxminən beş dəfə yüksəlib.

Bu faktlar fonunda sual yaranır ki, illər ərzində stabil fəaliyyət göstərən, iri layihələr və tanınmış brendlərlə əməkdaşlıq edən qurumlar niyə məhz indi borclanma ilə gündəmə gəlir?

Müşahidələr göstərir ki, son illər vergi nəzarətinin sərtləşdirilməsi, hesabatlılıq tələblərinin artması və güzəşt mexanizmlərinin məhdudlaşdırılması bir sıra şirkətlərin real maliyyə vəziyyətini üzə çıxarıb. Əvvəllər problem kimi görünməyən öhdəliklər indi rəsmi borc statusu alır.

Digər diqqətçəkən məqam isə ondan ibarətdir ki, sözügedən qurumlar keçmişdə dövlət strukturları ilə sıx əməkdaşlıq etmiş, iri layihələrdə iştirak etmiş şirkətlərdir. Vəzifə faktorunun aradan qalxması ilə bu əlaqələrin zəifləməsi biznes proseslərinə birbaşa təsir göstərir.

Hazırkı vəziyyət göstərir ki, keçmiş status artıq iqtisadi immunitet rolunu oynamır. Dövlət qarşısında öhdəliklər isə kimliyindən və əvvəlki vəzifəsindən asılı olmayaraq eyni qaydada formalaşır və icra tələb olunur.

Qeyd edək ki, vergi borcunun mövcudluğu avtomatik olaraq hüquqi pozuntu demək deyil. Lakin məbləğlərin həcmi və artım tempi bu qurumların maliyyə dayanıqlığı ilə bağlı sualları aktuallaşdırır.

Nihad

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
1
olke.az

2Mənbələr