AZ

Anlaşma Memorandumu Azərbaycan və Türkiyə strateji müttəfiqliyininin növbəti hüquqi mərhələsi kimi dəyərləndirilməlidir - ŞƏRH

Bakı, 26 dekabr, AZƏRTAC

Milli Məclisin təsdiqlədiyi Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə yeni Anlaşma Memorandumu iki qardaş ölkənin strateji müttəfiqliyinin növbəti hüquqi mərhələsi kimi dəyərləndirilməlidir. Bu sənəd təsadüfi deyil və mövcud regional təhlükəsizlik reallıqlarından irəli gəlir. Memorandumun əsas məqsədi qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsi və koordinasiyanın institusionallaşdırılmasıdır. Sənəd Azərbaycan–Türkiyə münasibətlərinin artıq klassik əməkdaşlıq formatını keçdiyini nümayiş etdirir. Burada söhbət faktiki olaraq vahid təhlükəsizlik məkanının formalaşmasından gedir.

Memorandum hər iki ölkənin müdafiə qurumları arasında məlumat mübadiləsinin dərinləşdirilməsini nəzərdə tutur. Bu, regional və qlobal risklərin vaxtında qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, sənəd hərbi planlaşdırma və təhdidlərin birgə təhlili mexanizmlərini gücləndirir. Azərbaycan üçün bu, milli təhlükəsizlik sisteminin əlavə dayaq qazanması deməkdir. Türkiyə isə Cənubi Qafqazda etibarlı və güclü tərəfdaşla koordinasiyasını daha da möhkəmləndirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov söyləyib.

O bildirib ki, memorandum çərçivəsində birgə təlimlərin və əməliyyat hazırlığının genişləndirilməsi xüsusi yer tutur. Bu, orduların qarşılıqlı uyğunluğunu artırır.

"Müasir müharibələrin xarakteri nəzərə alındıqda bu amil həlledici əhəmiyyət daşıyır. Sənəd hərbi texnologiyalar və müdafiə sənayesi sahəsində əməkdaşlığı da təşviq edir. Azərbaycan üçün bu, yerli hərbi-sənaye potensialının inkişafına töhfə verir. Anlaşma Memorandumu regional sülh və sabitlik baxımından da mühüm mesajdır. Sənəd açıq şəkildə göstərir ki, Azərbaycan və Türkiyə təhlükəsizlik məsələlərində bir-birindən ayrı düşünmür. Bu, mümkün təhdidlərin qarşısının alınmasında çəkindirici faktor rolunu oynayır. Xüsusilə postmünaqişə dövründə Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşır. Azərbaycan bu arxitekturanın passiv elementi deyil, aparıcı iştirakçısıdır. Memorandum beynəlxalq hüquqa uyğun şəkildə hazırlanıb. O, üçüncü ölkələrə qarşı yönəlməyib. Sənədin mahiyyəti müdafiə xarakteri daşıyır. Bu da Azərbaycanın balanslı və məsuliyyətli xarici siyasət xəttinə uyğundur. Türkiyə ilə bu formatda əməkdaşlıq Azərbaycanın suveren qərarvermə imkanlarını daha da gücləndirir.Sənəd həm də Şuşa Bəyannaməsinin praktik davamı kimi qiymətləndirilə bilər. Orada təsbit edilən müttəfiqlik anlayışı indi konkret mexanizmlərlə zənginləşdirilir. Bu, münasibətlərin kağız üzərində deyil, real təhlükəsizlik müstəvisində möhkəmləndiyini göstərir. Azərbaycan Ordusunun peşəkarlıq səviyyəsinin artmasında Türkiyə təcrübəsinin rolu artıq sübuta yetirilib. Yeni memorandum bu prosesi sistemli xarakterə salır", - deyə T. İsmayılov vurğulayıb.

Siyasi şərhçi əlavə edib ki, sənəd Azərbaycanın milli maraqlarına tam cavab verir. O, regional risklərin artdığı bir dövrdə strateji təminat rolunu oynayır. Eyni zamanda, Türkiyə ilə hərbi-siyasi birliyin geridönməz xarakter aldığını təsdiqləyir:”Bu memorandum təkcə bu günün deyil, gələcək onilliklərin təhlükəsizlik maraqlarını nəzərə alan sənəddir. Azərbaycan üçün bu, güclü müttəfiqlik, etibarlı tərəfdaşlıq və strateji davamlılıq deməkdir”.

Seçilən
92
azertag.az

1Mənbələr